...

Kitabxananın 90 illik tarixi uşaqların ifasında səhnələşdirilib (FOTO)

Mədəniyyət Materials 28 Dekabr 2018 05:37 (UTC +04:00)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Muzey Mərkəzində Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının (V.Q.Korolenko adına Mərkəzi Şəhər Kitabxanası) 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Baş İdarədən Trend-ə verilən məlumata görə, tədbirdə qurumun sifarişi ilə hazırlanmış rejissor Ülviyyə Könülün və ssenarist İlqar Fəhminin kitabxananın yaranma tarixindən bəhs edən tamaşası nümayiş olunub. Tamaşa 1921-ci ildə Bakı sakini olan üç qadının: azərbaycanlı Yüzbaşova Nina Ələkbər qızı, rus Knyaginya Gülrux Troyanovskaya və yəhudi Rabkina Sara Moiseyevnanın səyləri nəticəsində qiraətxana-kitabxana yaradılmasından bəhs olunur. Kitabları şəxsi kolleksiyalardan, gimnaziyalardan, mətbəələrdən dənə dənə toplayan bu üç bakılı qadın həmin vaxtlarda öz zərif çiyinləri ilə ağır bir yükün altına girmişdilər.

Kitabxananın yaranmasında əsas məqsəd I Dünya müharibəsindən sonra yaranan savadsızlığın ləğvi, mədəni inkişaf, yetim kimsəsiz qalmış səfil uşaqları kitaba, elmə savada, maarifə cəlb edərək, ləyaqətli və bacarıqlı vətən övladlarına çevirmək olub.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Aygün Əliyeva, M.F.Axudzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Prezident Kitabxanasının direktoru Mail Əhmədov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları Hacı Əliyev və Səbinə Məmmədova çıxış ediblər. Baş İdarə tərəfindən Binəqədi rayon MKS-nin direktoru Rəna Biləndərli Fəxri Fərmanla təltif olunub.

Qeyd edək ki, hazırda Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi fəaliyyət göstərən kitabxana gəncləri öz ətrafına yığmağı bacarıb. Burada kitab fondu 166 571 minə yaxın, oxucuların sayı 17 872 nəfər, kitab verilişi 229 708 təşkil edir. Kitabxananın 6 şöbəsi və 6 filialı vardır .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti