Bakı. Trend:
2019-cu il martın 19-da Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə keçirilən "Muğam-2019" televiziya muğam müsabiqəsinin növbəti tədbiri keçirilib.
Bütün zamanlarda təravətini qoruyub saxlayan və dünya miqyasında şöhrət tapan Azərbaycan muğamı yeni inkişaf dövrünü yaşayır.
Ustad sənətkarlarla yanaşı, yeni ifaçılar nəsli də öz sözünü deyir. İndi onların da sədası böyük səhnələrdən gəlir və gənclərimiz Azərbaycanın musiqi mədəniyyətini həm yurdumuzda, həm də xarici ölkələrdə layiqincə təmsil edirlər.
İlk dəfə 2005-ci ildə keçirilmiş həm ölkəmizdə, həm də onun hüdudlarında kənarda rəğbətlə qarşılanan muğam televiziya müsabiqələrinin laureatları arasında elə xanəndələr var ki, indi onlar özləri muğam sənətini tədris edir, biliklərini və sənət vərdişlərini yeni nəslə ötürürlər.
Müsabiqənin münsifləri xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi, Muğam televiziya müsabiqəsi layihəsinin icraçısı İlqar Fəhmidir.
Müsabiqənin başlanğıcında xanəndə, qəzəlxan, Xalq artisti Hacıbaba Hüseynovun yaradıcılığına nəzər salınaraq Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan lent yazısı dinlənilib.
Müsabiqə iştirakçılarını müşayiət edib: tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, balabanda Adil Müslümov, nağarada Səyavuş Kərimov, qanunda Aysu Sadıqova, udda İdris Hüseynov.
Səhnəyə dəvət olunan müsabiqənin ilk iştirakçısı Tariyel Vəliyev öz musiqi nömrəsini təqdim edib. Daha sonra Mehin Qarayeva, Xəyal Hüseynov, Heyrat İbayev, Hüseyn Səba, Zülfiyyə Cəbrayılzadə, Zaur Mürsəlov, Qələm Qocamanova və Faiq Əkbərov çıxış ediblər.
Müsabiqənin növbəti tədbiri martın 28-də keçiriləcək.