Bakı. Elçin Mehdiyev - Trend:
İyulun 3-də Ümumdünya İrs Komitəsinin sessiyasının plenar iclasında milli mülkiyyətlərlə bağlı məsələlərin müzakirəsi davam etdirilib.
Trend-in məlumatına görə, üzv ölkələrin nümayəndələri diqqətə çatdırıblar ki, milli parkların qorunması, su mənbələrinin çirklənməsi məsələləri diqqətdə saxlanılmalı və qoruyucu tədbirlər görülməlidir. Küveyt, Zimbabve, Avstraliya, Kuba və Çin tərəfindən dəniz dibinin dərinləşməsi, monitorinq, tərəflərin idarəçilik planı və milli parklarda qorunan heyvanlarla bağlı əlavə tədbirlər həyata keçirilməlidir.
Daha sonra sessiyanın gündəliyində Vyetnamda “Phong Nha Ke Bang” milli parkı ilə bağlı məsələ müzakirə edilib. Vurğulanıb ki, parkda aparılacaq tikinti işləri ərazinin flora və faunasına mənfi təsir göstərə bilər. Milli parkın Ümumdünya İrs Komitəsi tərəfindən nəzarətə götürülməsi və buna qarşı addımlar atılması təklif olunub. Məsələ ilə bağlı hazırlanan hesabatdakı bəndlər müzakirə edilib. Üzv ölkələr Vyetnamın qabaqlayıcı tədbirini yüksək dəyərləndiriblər.
Vyetnam nümayəndəliyi milli parkla bağlı təqdimatında bildirib ki, mədəni irsin qorunması sahəsində təhdidlərin yaranmaması ilə bağlı razılığa gəlinib. Çıxışlardan sonra milli parkla bağlı təqdimat qərarla təsdiq olunub.