...

Nazir Əbülfəs Qarayev mədəniyyət sahəsində çalışan xanımları təbrik edib

Mədəniyyət Materials 6 Mart 2020 19:58 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizin mədəniyyət sahəsində çalışan xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, təbrikdə qeyd olunur ki, Azərbaycan qadınlarının zərifliyi, ailəcanlı olması, mətinliyi və məğrurluğu əsrlərdən bəri tarixi mənbələrdə, xalq yaradıcılığında, ədəbi əsərlərdə dönə-dönə ifadə olunub. Qadınlarımızın xüsusilə ailə dəyərlərinə verdikləri əhəmiyyət yüksək təqdirə layiqdir. Bu ali dəyər ilk növbədə nəsillər arasında zəngin mənəvi bağlılığın qorunub yaşadılmasında mühüm rol oynayır. Bütün bunları nəzərə alan Azərbaycan ziyalıları qızların təhsilinə, dünyagörüşlərinin zənginləşməsinə diqqət yetiriblər. Ötən əsrin əvvəllərində yalnız qızların təhsil aldığı məktəblərin də fəaliyyət göstərməsi gələcəyin analarının bilikli olmasına, mədəni-mənəvi baxımdan yetkinləşməsinə hesablanmış önəmli addımlardan idi.

“Azərbaycan qadınları bu gün ölkə həyatının bütün sahələrində öz töhfələrini verirlər. Onlar yüksək dövlət vəzifələrində ölkəmizə ləyaqətlə xidmət edirlər. Hazırda mədəniyyət sahəsində çalışan işçilərin də böyük bir hissəsini qadınlar təşkil edir. Bu gün gənc istedadlı musiqiçi xanımlarımız ölkəmizdə və xaricdə keçirilən festival və müsabiqələrdə iştirak edərək laureat adını qazanır, Azərbaycanı layiqincə təmsil edirlər. Xanım sənətçilərimiz dünyanın məşhur səhnələrində opera tamaşalarında əsas partiyalarda parlaq ifaları ilə yüksək sənət nümayiş etdirirlər. Sevindirici haldır ki, dövlətimiz tərəfindən qadınların fədakar əməyi həmişə yüksək qiymətləndirilir. Çalışdıqları sahələrdə uğur qazanan xanımlar fəxri adlara, orden və medallara layiq görülürlər. Bu da öz növbəsində qadınları gələcəkdə yeni-yeni nailiyyətlər qazanmağa ruhlandırır”, – deyə nazirin təbrikində vurğulanır.

Əbülfəs Qarayev sonda bir daha mədəniyyət sahəsində fəaliyyət göstərən xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, möhkəm cansağlığı, ailə səadəti və işlərində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti