...

Parisdə “Qarabağ incilərinin Avropa sədası” adlı dəb sərgisi keçirilib (FOTO)

Mədəniyyət Materials 22 Noyabr 2022 12:26 (UTC +04:00)
Parisdə “Qarabağ incilərinin Avropa sədası” adlı dəb sərgisi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamı ilə bu il Azərbaycanda “Şuşa İli” elan edilmişdi. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr etdiyi xüsusi müsabiqənin qalibi olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyi tərəfindən icra olunan "Qarabağ incilərinin Avropa sədası” layihəsi çərçivəsində 4 noyabr 2022-ci il Fransanın paytaxtı Paris şəhərində “Qarabağ incilərinin Avropa sədası” adlı dəb sərgisi baş tutub.

Sərgidə ənənəvi xalq geyimlərinin, Qarabağ əhalisinin milli-mənəvi və maddi dəyərləri, geniş mənada türk etnik-mədəni mühitinin milli müəyyənlik göstəricisi olmasını təcəssüm etdirən Qarabağ kolleksiyasına aid 15 geyim hazırlanıb və hər geyim Qarabağın bir guşəsinin – Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl, Laçın, Füzuli, Xocavənd, Zəngilan, Qubadlının özəl geyim ünsürlərini özündə yaşadıb. Hər bir geyimə uyğun çarıq, kəmər, sırğa və s. aksesuarlar da nümayiş olunub.

Sərgiyə tamaşa etmək məqsədilə Azərbaycandan Fransaya səfər edən nümayəndə heyəti,Fransanın Paris və digər şəhərlərində yaşayan dövlət adamları, ictimai xadimlər, jurnalistlər dəb sərgisində iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanda Qadın Sahibkarlığının inkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva Qarabağ kolleksiyası haqqında ətraflı məlumat verib.

Tədbirdə həmçinin, Azərbaycan Respublikasının Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri və müvəqqəti işlər vəkili Nigar Hüseynova, Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Parlamentinin sabiq üzvü Jerom Lamber, Paris-Azərbaycan evinin prezidenti Mirvari Fətəliyeva və tədbirin tərəfdaşı “PAŞA Sığorta” şirkətinin nümayəndəsi Ülviyyə Cabbarova da çıxış edib.

Tədbirin sonunda film nümayişi, bədii proqram və ziyafət təşkil olunub.

"Şuşa ili" çərçivəsində "Qarabağ İncilərinin Avropa Sədası" layihəsinin təşkilatçılıq və maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə,Fransada Azərbaycanın Dostları Assosiasiyasına, Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinə, “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətinə, Bakı Tekstil Fabriki MMC və K.Fabuel Moda Evinə təşəkkür edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti