...

“Rauf Hacıyev-100” Musiqi Festivalı çərçivəsində elmi-yaradıcı diskussiya keçirilib (FOTO)

Mədəniyyət Materials 26 Dekabr 2022 14:19 (UTC +04:00)
“Rauf Hacıyev-100” Musiqi Festivalı çərçivəsində elmi-yaradıcı diskussiya keçirilib (FOTO)

Bakı. Trend:

Görkəmli Azərbaycan bəstəkarı və ictimai xadimi, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Rauf Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı altında 03-27 dekabr 2022-ci il tarixlərində keçirilən “Rauf Hacıyev-100” Festivalı davam edir. Festival çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində R.Hacıyevin yaradıcılığı və fəaliyyətinə həsr olunmuş elmi-yaradıcı diskussiya baş tutdu.

Diskussiya Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, fəlsəfə elmləri doktoru Alla Bayramovanın ön sözü ilə açıldı. A.Bayramova Rauf Hacıyevin ictimai musiqi xadimi kimi fəaliyyətindən və onun Azərbaycan musiqi mədəniyyəti tarixindəki əhəmiyyətli töhfələri haqda söhbət açdı. Sonra çıxış üçün söz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs sektorunun böyük məsləhətçisi musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyevaya verildi və öz nitqində T.Məmmədəliyeva həm Rauf Hacıyev şəxsiyyəti, onun bəstəkar və yaradıcı siması haqqında, eləcə də Festival barədə də məlumat verdi.

Sərbəst yaradıcı söhbət kimi nəzərdə tutulmuş Elmi-yaradıcı Diskussiyanın əsas iştirakçıları musiqişünas-tədqiqatçı Natəvan Hüseynova (Niderland), musiqişünas, jurnalist, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Raya Abbasova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Rzayeva, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Rafiq Seyidzadə oldular. Natəvan Hüseynova “Rauf Hacıyev – cazın yaşıdıdır” mövzusunda təqdimat ilə, Raya Abbasova “Rauf Hacıyev Əlcəzairdəki yaradıcılıq və fəaliyyəti illərinə dair” söhbəti, Lalə Rzayeva R.Hacıyevin yaradıcılığı timsalında keçən və indiki minilliyin bədii-estetik şəraiti və meyarlarının müqayisəsinə dair mülahizələri ilə çıxış etdilər. Söhbətə musiqişünas-tədqiqatçı, publisist Fərizə Babayeva, caz-estrada ifaçısı, 1960-cı illərdə “Bakı Payızı” müsabiqələrinin qalibi olmuş Tünzalə Qəhrəman da qatılaraq öz xatirə və təklifləri ilə bölüşdülər. Diskussiya zamanı söylənən fikirlər, xatirələr və çıxışlara müxtəlif illüstrələr ilə - Musiqi Mədəniyyəti Muzeyinin hazırladığı foto və videoslaydlar, bəstəkarın fəaliyyətinə aid kinokadrlar, R.Hacıyevin “Azərbaycan süitası” baletindən videoparçalar, R.Hacıyevin idarə etdiyi Estrada-caz orkestrinin müşayiəti ilə müğənni Elmira Rəhimovanın ifasında “Hind mahnısı” müşayiət edildi.

Diskussiyanın sonunda Rauf Hacıyevin böyük qızı Natella Hacıyeva Musiqi Festivalının və onun çərçivəsində keçirilmiş Elmi-yaradıcı Diskussiyanın əsas təşkilatçısı olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə, tədbirin iştirakçı və qonaqlarına bütün ailə üzvləri adından dərin minnətdarlığını bildirdi.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Xəbər lenti

Xəbər lenti