Bakı. Trend:
Yanvarın 17-də Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsinin konserti keçirilib. Musiqi gecəsində “Bayatı Kürd” və “Qatar” muğamları VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri Fuad Əzizzadə, Ülkər Abdullayeva və Daşqın Kürçaylı tərəfindən ifa olunub. Gənc xanəndələrin uğurlu çıxışları tamaşaçıların alqışları ilə qarşılanıb. Muğam sənətimizə olan sevgi və maraq, musiqisevərlərin gənc xanəndələrə dəstəyi ifaçıların yüksək ruhla çıxışlarında ifadə edilib. Azərbaycan xalqı üçün muğam həm musiqi, həm fəlsəfə, həm insanın ruhunu oxşayan özünəməxsus meditasiyadır. Bu tükənməz səltənətdən həmin gecə gənc xanəndələrin payına düşən gövhəri müsabiqə qalibləri incəliklə, məsuliyyətlə təqdim etməyə çalışıblar. Xanəndələrin uğurlu çıxışları tamaşaçılarda dərin təəssüratlar yaradıb.
Qeyd edək ki, VIII Muğam Televiziya müsabiqəsinin laureatlarının növbəti çıxışları 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunub. Konsert fevralın 1-də saat 19:00-da BMM-də keçiriləcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az