...

Qışın mülayim keçməsi dəm qazından zəhərlənənlərin sayının azalmasına səbəb olub

Gündəm Materials 6 Mart 2018 20:29 (UTC +04:00)
Bu il qışın daha mülayim keçməsi ilə əlaqədar dəm qazından zəhərlənənlərin sayı ötən illə müqayisədə azalıb.
Qışın mülayim keçməsi dəm qazından zəhərlənənlərin sayının azalmasına səbəb olub

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu il qışın daha mülayim keçməsi ilə əlaqədar dəm qazından zəhərlənənlərin sayı ötən illə müqayisədə azalıb.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, bu ilin yanvar ayında 18, fevral ayında 15 nəfər dəm qazından zəhərlənib. Mart ayının indiyədək olan dövrü ərzində (martın 6-dək) isə 4 nəfər dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

A.Maqsudov əlavə edib ki, KTM-ə dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlər daha çox 25-40 yaşlı insanlardır. Müraciət edənlər arasında qadınlar üstünlük təşkil edir:

"Ötən il hava soyuq keçdiyindən yalnız fevral ayında 26 nəfər dəm qazından zəhərlənmişdi. Həmçinin mart ayında da hava soyuq keçdiyindən dəm qazından zəhərlənənlərin sayı indikindən 2 dəfə çox idi".

Şöbə müdiri bildirib ki, KTM-ə dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlər Bakı şəhəri və onun ətraf ərazilərində yaşayan insanlardır:

"Rayonlarda dəm qazından zəhərlənənlər isə bölgələrin mərkəzi xəstəxanalarına yerləşdirilir. Xəstələrin vəziyyəti ağır olduğu və ona əlavə yardımın göstərilməsinə ehtiyac olduğu zaman Bakıdan oraya tibb mütəxəssisləri ezam edilir".

A.Maqsudovun bildirdiyinə görə, ümumilikdə bu il dəm qazı ilə yanaşı, dərmandan və sirkə turşusundan zəhərlənənlərin sayı da azalıb:

Baş toksikoloqun sözlərinə görə, bu il Kliniki Tibbi Mərkəzə yanvar ayında dərmandan zəhərlənmə ilə bağlı 9 nəfər, fevralda 7, martın 6-dk isə 2 nəfər müraciət daxil olub. Bu il ərzində 2 nəfər (fevral ayında) sirkə turşusu ilə zəhərlənib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Trend-ə açıqlamasında bu ilki qışın son dövrlərin - təxminən son 20-30 il ərzində ən mülayim qışı olduğunu söyləmişdi:

"Bu hal ölkə ərazisində cənub və cənub-şərqdən gələn hava kütlələrinin üstünlük təşkil etməsi ilə izah oluna bilər. Bu tropik hava kütlələri Azərbaycana Ərəbistan yarımadası və Şimali Afrikadan daxil olub. Belə hava kütlələri hər ilin qış aylarında Azərbaycana daxil olub. Lakin bu il daha çox daxil olub. Bunun səbəbini tam olmasa da, müəyyən qədər iqlim dəyişmələri ilə izah etmək olar. Bu il qışın mülayim keçməsi əsasən Bakı və Abşeron yarımadasına aiddir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti