...

Vüqar Rəhimzadə: Ərdoğanın növbəti dəfə prezident seçilməsi Azərbaycan-Türkiyə strateji münasibətlərini daha da möhkəmləndirəcək

Gündəm Materials 25 İyun 2018 15:49 (UTC +04:00)
Ərdoğanın növbəti dəfə prezident seçilməsi Azərbaycan-Türkiyə strateji münasibətlərini daha da möhkəmləndirəcək.
Vüqar Rəhimzadə: Ərdoğanın növbəti dəfə prezident seçilməsi Azərbaycan-Türkiyə strateji münasibətlərini daha da möhkəmləndirəcək

Bakı. Trend:

"Ötən gün Türkiyə tarixində kifayət qədər mühüm hadisə baş verdi. Qardaş ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinə dair səsvermənin nəticələrinə görə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildi və onun sədri olduğu Ədalət və İnkişaf Partiyası seçicilərin etimadını qazandı. Beləliklə, seçicilər səs çoxluğu ilə prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğana etimad göstərdilər. Bununla da qardaş türk xalqı öz tarixi seçimini edərək güclü Türkiyənin daha parlaq gələcəyini təmin etdi”.

Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, bu gün Türkiyə regionda və dünya miqyasında mühüm əhəmiyyətə malik dövlətdir: “Türkiyə kifayət qədər mürəkkəb geosiyasi coğrafiyada yerləşir. Xüsusilə Yaxış Şərqdə baş verən hadisələr bunu deməyə əsas verir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu region böyük “güclər”in maraqlarının toqquşduğu ən qaynar nöqtələrdən biridir. Etiraf etmək lazımdır ki, bu qüvvələrə də güclü Türkiyənin varlığı sərf etmir. Onlar hər vasitə ilə qardaş ölkəni münaqişələrin mərkəzinə çəkməyə, dolayısilə onu zəiflətməyə çalışırlar. Ancaq unudurlar ki, bu, mümkün deyil. Güclü, qüdrətli Türkiyə hər zaman var olub və olacaq, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlət müstəqilliyini daha da möhkəmləndirəcək, böyük zəfərlər qazanacaq.”

Baş redaktor vurğulayıb ki, Türkiyə sürətlə inkişaf edərək dünya “nəhəngləri” sırasına daxil olmaqdadır: “Bu gün dünyanın böyük dövlətləri - ABŞ, Rusiya Türkiyəni öz strateji tərəfdaşları hesab edir və onunla hesablaşırlar. Bu ölkələr qəbul etdikləri bir çox qərarlarda Türkiyənin maraqlarına xüsusi olaraq diqqət yetirirlər. Bu, bir daha onu göstərir ki, qardaş Türkiyə dünyada sayılıb-seçilən, söz sahibi olan ölkələrdən biridir. Təbii ki, bu uğurların təməlində güclü iradə, möhkəm birlik, demokratiya və digər mühüm məqamlar dayanır”.

O əlavə edib ki, Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə prezident seçilməsi Azərbaycan-Türkiyə dostluq və qardaşlığını, strateji münasibətlərini daha da möhkəmləndirəcək, gələcək üçün yeni perspektivlər yaradacaq: “Bu gün Azərbaycan-Türkiyə birliyi dünyada nümunə göstərilir. Bu birlik tarixi köklərə, milli, dini birliyə, dostluğa, qardaşlığa əsaslanır. Bu birlik möhkəm təməllər üzərində qurulub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət”, türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kimi dəyərli kəlamları Azərbaycan-Türkiyə münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunun əyani sübutudur”.

V.Rəhimzadə onu da bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradələri, qətiyyətləri sayəsində Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı yüksələn xətlə inkişaf edəcək: “Bu gün dünya Azərbaycan və Türkiyənin birgə imza atdıqları qlobal layihələrdən danışır. Dünyanın enerji tarixində mühüm yer tutan “Əsrin müqaviləsi”nin məhsulu olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum əsas ixrac neft və qaz kəmərlərinin tikilib istismara verilməsi, XXI əsrin layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi nəticəsində istifadəyə verilən TANAP, tikintisi davam etdirilən TAP Azərbaycan və Türkiyənin birgə səyləri, qətiyyəti sayəsində reallığa çevirilib. Güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan isə güclü Türkiyə deməkdir. Bizim gücümüz birliyimizdədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti