...

"Alaş Orda: Qazax dövlətçiliyinin təşəkkülü tarixində əhəmiyyəti” elmi məqalələr toplusu və qazax dilində Hüseyn Cavidin şeirlərindən ibarət kitab təqdim olunub (FOTO)

Gündəm Materials 20 Dekabr 2018 18:24 (UTC +04:00)
Qazaxıstanın Azərbaycandakı səfirliyində Azərbaycan dilində nəşr edilmiş “Alaş Orda: Qazax dövlətçiliyinin təşəkkülü tarixində əhəmiyyəti” elmi məqalələr toplusunun təqdimat mərasimi keçirilib.
"Alaş Orda: Qazax dövlətçiliyinin təşəkkülü tarixində əhəmiyyəti” elmi məqalələr toplusu və qazax dilində Hüseyn Cavidin şeirlərindən ibarət kitab təqdim olunub (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Qazaxıstanın Azərbaycandakı səfirliyində Azərbaycan dilində nəşr edilmiş “Alaş Orda: Qazax dövlətçiliyinin təşəkkülü tarixində əhəmiyyəti” elmi məqalələr toplusunun təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbir zamanı, həmçinin qazax dilində Hüseyn Cavidin şeirlərindən ibarət kitab təqdim olunub.

Təqdimat mərasimində Qazaxıstanın Bakıdakı səfiri Beybit İsabayev, Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru, akademik Qalimkair Mutanov, Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, AMEA-nın rəhbər şəxsləri, tarixçilər, filoloqlar və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Qazaxıstan səfiri Alaş Orda barədə məlumat verib: “Alaş” partiyası qazax xalqının öz müqəddəratını həll etmək və milli dövlətçilik, dil, milli mədəniyyət və ənənələrin qorunması ideyalarını müdafiə edən məsləkdaşları özündə birləşdirirdi. "Alaş"ın hədəfləri qazax xalqının azad və müstəqil dövlət qurması arzusuna arxalanırdı”.

Filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva isə Hüseyn Cavidin yaradıcılığı haqqında danışıb, onun türkçülük ideyasına verdiyi töhfələrdən söz açıb.

S.Vəliyeva bildirib ki, bu gün Cavidə türkdilli xalqların həmişəkindən daha çox ehtiyacı var: "Cavidin ideyaları hər zaman təkcə Azərbaycan üçün deyil, bütün türkdilli xalqlar üçün gərəkli olub. Cavidin yazdıqları əsrlər boyu türk xalqlarına lazım olacaq”.

O qeyd edib ki, ulu öndər Heydər Əliyev Cavidin fəaliyyətinə yüksək qiymət verərək onun məzarının uzaq Sibirdən Naxçıvana gətirilməsini təmin etdi və bununla bütün türkdilli xalqlar üçün türkçülük ideyasını geri qaytardı.

Tədbir çərçivəsində Fərabi adına Qazaxıstan Milli Universeti ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti