...

Sumqayıt Bulvarının genişləndirilməsi işlərinə başlanılıb

Gündəm Materials 8 May 2019 13:20 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Mayın 7-də Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub.

Trend-in məlumatına görə, hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə, təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov açaraq bildirib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub, böyük nailiyyətlər əldə olunub, əlamətdar hadisələr baş verib.

Vurğulanıb ki, şəhərdə abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi, 263 yaşayış binasının dam örtüyünün, 25 binanın fasadının, 74 ədəd liftin və 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri, tibbi avadanlıqlarla təchiz edilməsi, məktəb tikintisi məqsədilə maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutan sərəncamların imzalanması dövlət başçısının Sumqayıt və sumqayıtlılara göstərdiyi diqqət və qayğını bir daha təcəssüm etdirir.

Cari ilin birinci rübü ərzində şəhər üzrə ümumdaxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz və ya 40 milyon manat artaraq 460 milyon manatdan çox olub.

Sənaye müəssisələrində 350 milyon manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 117 faiz təşkil edir.

Qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə yaradılan, ölkənin ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 18 rezident tərəfindən 2,5 milyard dollar investisiya qoyulub, fəaliyyətdə olan müəssisələrin sayı 13-ə çatıb. Hazırda istehsalat və tikinti-quraşdırma işlərində 6 minə qədər işçi çalışır.

Cari ilin 3 ayı ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 50 milyon manat olub. Bu da əvvəlki ilə nisbətən 14 faiz və ya 6 milyon manat artım deməkdir.

Mühüm iqtisadi göstəricilərdən olan ticarət dövriyyəsi 240 milyon manat olub, əvvəlki dövrlə müqayisədə 9 faiz artıb.

Əldə olunan uğurlar, iqtisadi göstəricilərin ötən illə müqayisədə artması nəticəsində yerli büdcə gəlirləri proqnoza qarşı 3,0 milyon manat və ya 28 faiz artaraq 13,4 milyon manat olub, xərc hissəsi isə 10,7 milyon manat proqnoza qarşı 7,3 milyon manat və ya 68 faiz icra olunub.

Məşğulluq Mərkəzi tərəfindən hesabat dövründə 3123 nəfər işaxtaran kimi qeydiyyata alınıb. İcra hakimiyyətinin yaxından köməyi və dəstəyi ilə 1738 nəfər işlə təmin olunub. Əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında aktivliyin artırılması məqsədi ilə ölkə rəhbərinin tapşırığına əsasən Sumqayıt şəhərində 3090 haqqı ödənilən ictimai iş yeri açılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzillə təmin olunması üçün yeni yaşayış kompleksinin açılışı olub. Şəhərdə məskunlaşan məcburi köçkünlərdən 1850 ailə həmin binalara köçürülüb.

Hesabat dövründə “Nizami kinoteatr”ının, Corat qəsəbəsində 120 yerlik uşaq bağçasının və Məhkəmə Kompleksinin tikintisində işlər davam etdirilib, “Muğam evi”nin tikintisinə və Sumqayıt Bulvarının şimal-şərq istiqamətində 1,0 km uzunluğunda genişləndirilməsi işlərinə başlanılıb. 5-ci Polis Bölməsinin yeni inzibati binasının tikintisində tamamlanma işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti