...

ÜST və Ədliyyə Nazirliyi qlobal vebinar keçirib

Gündəm Materials 6 Oktyabr 2020 17:29 (UTC +04:00)
ÜST və Ədliyyə Nazirliyi qlobal vebinar keçirib

Bakı. Samir Əli - Trend:

Ümumbəşəri sosial bəla olan vərəm xəstəliyinə qarşı mübarizə bütün dünyanı narahat edir.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təhlillərinə görə, hər il dünyada vərəmdən 1 milyon 700 min insan vəfat edir, həbsxanalarda isə vərəmin yayılma riski 100 dəfə daha yüksəkdir. Vərəmə qarşı ÜST tərəfindən tövsiyə edilən strategiyalar bu xəstəliyi aşkar və müalicə etməyə, yoluxmanın azaldılmasına xidmət edir. Hazırda son strategiya dünyanın 180-dən artıq ölkəsində uğurla tətbiq edilir.

COVİD-19 qlobal pandemiyasının dünya ölkələrinin səhiyyə sistemlərində ciddi gərginliyin yaratması, həmçinin əhalinin həssas təbəqəsi olan məhkumlar arasında vərəm əleyhinə tibbi xidmətlərin göstərilməsində çətinliklərin yaşanması ilə müşayiət olunur.
Bununla əlaqədar bu ilin əvvəlində ÜST azadlıqdan məhrumetmə yerlərində COVİD-19-un qarşısının alınması və nəzarətdə saxlanılması barədə aralıq təlimatı dərc edərək ölkələri həbsxanalarda vərəmin qarşısının alınması və müalicəsi ilə əlaqəli bütün növ xidmətlərin göstərilməsini təmin etməyə çağırıb.

Oktyabrın 6-da ÜST Avropa Regional Bürosunun və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "COVİD-19 pandemiyası dövründə azadlıqdan məhrumetmə yerlərində vərəmin müalicəsi və profilaktikası" mövzusunda videokonfrans formatında qlobal vebinar keçirilib.
Tədbirin keçirilməsində məqsəd pandemiya zamanı həbsxanalarda vərəmin qarşısının alınması və müalicəsi üçün əsas tövsiyələrin nəzərdən keçirilməsi, bu xəstəliyin davamlı, vaxtında və dəqiq aşkarlanması, diaqnozu, müalicəsi ilə bağlı yaxşı təcrübələrin mübadiləsinin aparılması olub.

Ümumdünya Səhiyyə Təşkilatının, "Sərhədsiz həkimlər" Beynəlxalq Tibbi Humanitar Təşkilatın, Azadlıqdan Məhrumetmə Yerlərində Vərəm və Ağciyər Xəstəliklərinə qarşı Beynəlxalq Birliyin və 26 dövlətin çoxsaylı nümayəndələrinin qatıldığı vebinarı ÜST Avropa Regional Ofisinin səhiyyə sahəsində təmsilçisi Dr. Masood Dara və Azərbaycanın Ədliyyə Nazirliyi Tibb baş idarəsinin rəisi Dr. Rəfail Mehdiyev açıb, tədbirin vərəmlə qlobal mübarizənin gücləndirilməsi, müsbət təcrübələrin öyrənilməsi və tətbiqi baxımından əhəmiyyətini qeyd ediblər.

Ölkəmizin nümayəndəsi tədbirdə çıxışı zamanı, ilk öncə, işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlara diqqət çəkərək Azərbaycan Ordusu tərəfindən ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu əks-hücum əməliyyatları barədə iştirakçıları məlumatlandırıb.

Bildirib ki, 30 ilə yaxındır ərazilərimizi işğal altında saxlayan, silahlı qüvvələrini qeyd-şərtsiz torpaqlarımızdan çıxarılması ilə bağlı BMT-nin və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymayan Ermənistanın təcavüzkar siyasətinin nəticəsi olaraq 90-cı illərin əvvəllərində iqtisadiyyatımızın iflic vəziyyətinə düşməsi sosial problemlərə səbəb olmaqla vərəmin yayılması üçün əlverişli şərait yaratmışdı.

Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra əhalinin rifahının yaxşılaşdırılmasına yönələn məqsədyönlü tədbirlər həyata keçirilib, vərəmlə mübarizə diqqətdən kənarda qalmayıb. Bu sahədə ÜST-ün tövsiyələrinə uyğun strategiyalar hazırlanıb, xüsusi qanun qəbul olunub, beynəlxalq təşkilatlarla birgə proqram və layihələr həyata keçirilir, o cümlədən penitensiar müəssisələrdə vərəmə qarşı səmərəli mübarizə aparılır.

Ölkə Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarına əsasən penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının qorunması, tibbi və dərman təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür, penitensiar müəssisələr müasir tibb avadanlığı ilə təchiz olunur.
Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə uzun illər məhkumlara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi sahəsində səmərəli əməkdaşlıq edilərək məhkumlar arasında vərəmə qarşı mübarizədə müsbət nəticələrə nail olunub, vərəmin dəqiq diaqnozunu ən qısa vaxtda müəyyən etməyə imkan verən yeni ekspress-test dünyada ilk dəfə olaraq penitensiar müəssisələrdə məhz Azərbaycanda tətbiq edilib. Eyni zamanda, vərəmli məhkumların effektiv müalicəsinin təmin edilməsi, onların saxlanma şəraitinin yaxşılaşdırılması məqsədilə ixtisaslaşdırılmış müalicə müəssisəsi fəaliyyət göstərir.

Bütün bunlar penitensiar müəssisələrdə vərəmdən ölümün və ona yoluxma hallarının sayının ilbəil azalmasına səbəb olub. BQXK ilə bu sahədə məqsədyönlü fəaliyyətin başlandığı 1995-ci illə müqayisədə penitensiar müəssisələrdə vərəmdən ölüm 136 dəfəyədək azalıb.

Ölkəmizdə ÜST-ün tövsiyə etdiyi vərəmin uğurlu müalicəsi üzrə hədəf göstəriciləri aşaraq dərmanlara həssas vərəmli məhkumların müalicəsi üzrə 95 faiz, müalicəyə çətin tabe olan dərmanlara davamlı formalı vərəmə düçar olmuş xəstələrin müalicəsi üzrə isə 92 faiz müsbət nəticələrə nail olunub ki, bu da dünyada ən yüksək göstəricilərdəndir.
Tibb baş idarəsinin rəisi qeyd edib ki, Azərbaycanın vərəmə nəzarət təcrübəsi ÜST, BQXK və s. beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilərək müsbət təcrübəmiz dünyada örnək olub, illik Səhiyyə Mükafatına layiq görülüb. Azərbaycan təcrübəsinin digər dövlətlərə yayılması və öyrənilməsi üçün Bakıda Təlim Mərkəzi yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı ona beynəlxalq status verib. ÜST-ün Baş Direktoru Dr. Tedros Adhanom Qebreyesus Mərkəzin fəaliyyəti ilə tanış olaraq vərəmlə mübarizədə müsbət nəticələrə nail olunmasında dövlətimizin güclü siyasi iradəsini və müsbət təcrübəmizin dünyada daha geniş yayılmasının önəmini vurğulayıb.

Səmərəli fəaliyyət göstərən Mərkəzdə ötən dövrdə Avropa və digər qitələrdən 20 dövlətin Ədliyyə və Daxili İşlər nazirlikləri, penitensiar müəssisələrin tibb xidmətləri ilə yanaşı, hətta Səhiyyə nazirliklərinin çoxsaylı nümayəndələri müsbət təcrübəmizdən bəhrələnib və artıq bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellər tətbiq olunur.
R.Mehdiyev 2020-ci ildə koronavirus pandemiyası şəraitində də məhkumların tibbi təminatının, vərəmlə mübarizənin daim diqqətdə saxlanıldığını, vərəmin profilaktikası və müalicəsi işinə nəzarətin gücləndirildiyini vurğulayıb, qlobal COVİD-19 infeksiyasına qarşı dövlət başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə görülən qəti tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən aparılan zəruri tibbi, profilaktik və digər preventiv işləri qeyd edib.

Tibb xidmətinin fəaliyyətini ÜST-ün tövsiyələrinə uyğun quraraq işini gücləndirilmiş rejimdə davam etdirdiyi, Səhiyyə Nazirliyi və TƏBİB ilə sıx əlaqədə məhkumların və təqsirləndirilən şəxslərin koronavirus və digər infeksiyalara, o cümlədən vərəmə yoluxmasının qarşısının alınması üzrə ardıcıl tədbirlərin görüldüyü, sanitariya-epidemioloji nəzarət gücləndirilməklə geniş maarifləndirmə işinin aparıldığı, həkim və digər tibb işçilərinin xüsusi təlimlərə cəlb olunduğu bildirilib.

Diqqətə çatdırılıb ki, pandemiya dövründə tibb xidməti tərəfindən penitensiar müəssisələrdə həyata keçirilən vərəmə nəzarət tədbirlərinin intensivliyi azaldılmayıb və koronavirus infeksiyası əleyhinə yönəldilmiş tədbirlərlə paralel aparılıb. Hər iki istiqamətdə uğurla həyata keçirilən işlər vərəm üzrə statistik epidemioloji göstəricilərin davamlı yaxşılaşması ilə yanaşı, COVİD-19 infeksiyasının nəzarətdə saxlanmasına və idarə olunmasına xidmət edir.

Onlayn konfransda müxtəlif dövlətlərin təmsilçiləri tərəfindən çıxışlar edilib, Azərbaycanın vərəmlə mübarizədə müsbət təcrübəsinə böyük maraq göstərilərək, ölkəmizin nailiyyətlərinin digər dövlətlərdə yayıldığı vurğulanıb, faydalı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti