...

Azərbaycanda dilçi alim vəfat edib

Gündəm Materials 17 Dekabr 2020 14:46 (UTC +04:00)
Azərbaycanda dilçi alim vəfat edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Slavyan Universitetinin (BSU) professoru, filologiya üzrə elmlər doktoru, Əməkdar müəllim Aslan Məmmədəli oğlu Məmmədli Koronavirus xəstəliyindən vəfat edib.

BSU-nun Ümumi dilçilik kafedrasının professoru A. Məmmədli 1953-cü ildə Bakı şəhərində anadan olub. 35 ilə yaxın bir müddətdə BSU-da müxtəlif vəzifələrdə çalışıb. 1996-cı ildə müdafiə etdiyi “Сопоставительный анализ русской и азербайджанской фразеологии” doktorluq dissertasiyası, sonrakı illərdə bu istiqamətdə hazırladığı tədris vəsaitləri və qələmə aldığı məqalələri ilə o, ən yeni dövr Azərbaycan dilçiliyinə ciddi töhfələr verib. Filologiya fakültəsinin dekanı və elmi işlər üzrə prorektor vəzifələrində çalışıb. 2005-ci ildən Ümumi dilçilik kafedrasının professoru vəzifəsində işləyirdi. 2003-2010-cu illərdə “Azərbaycanda rus dili və ədəbiyyatı” elmi-metodiki və ictimai-publisistik jurnalın baş redaktoru olub.

Ümumi və rus dilçiliyi, müqayisəli dilçilik sahələrində ciddi tədqiqat və çıxışları, dərin elmi araşdırmaları ilə ölkəmizdə və onun hüdudlarından kənarda tanınan görkəmli alim onlarla fəlsəfə və elmlər doktorunun yetişdirilməsi, müasir dilçiliyin ən aktual və prioritet istiqamətlərinin müəyyən olunub BSU və digər müvafiq elmi mərkəzlərdə tədqiqi işində yaxından iştirak etmişdir. Rus, ingilis, fransız, alman və ivrit dillərini mükəmməl bilən professor A.Məmmədli onlarla kitab, məqalə və məruzə müəllifi kimi respublikamızda ümumi və müqayisəli dilçilik, rusistika və tərcüməşünaslıq sahələrində gənc tədqiqatçıların ən çox istinad etdikləri alimlərdəndir.

Ötən əsrin 80-90-cı illərindən etibarən indiki BSU-da fəaliyyət göstərmiş Doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə Şurada elmi katib, 2000-ci illərin əvvəllərindən müstəqil respublikamızda məhz universitetimizin nəzdində rus dili və ədəbiyyatı, müqayisəli-tipoloji dilçilik üzrə çalışmış və bu gün də daha geniş profildə işini davam etdirən Doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşmış Müdafiə Şurasında həmsədr qismində məhsuldar və məzmunlu fəaliyyəti sayəsində professor A.Məmmədli respublikanın geniş elmi mühitində tanınmışdır. Müdafiə Şurasında sədrlik etdiyi istənilən iclas böyük maraq doğurduğundan gənc alimlər, aspirant və doktorantlar daim burada iştirak etməyə və elmi diskussiyalardan bəhrələnməyə can atırdılar. Müdafiəyə təqdim olunan dissertasiya mövzularına konseptual yanaşması, maraqlı mübahisə və müzakirələr yaratma və bu müzakirələri düzgün məcraya yönəltmə ustalığı sayəsində bu illər ərzində universitetdə ciddi filoloji istiqamətlər, o cümlədən leksikoqrafiya, rusistika və slavistika, tərcüməçilik sahələrində onilliklər boyu aparılmış tədqiqatlar dəstəklənmiş və inkişaf etdirilmişdir. BSU-da professorlar, Əməkdar elm xadimləri Məmməd Tağıyev və Firudin Hüseynov tərəfindən yaradılmış frazeologiya və dilçilik məktəbi, professorlar, Əməkdar elm xadimləri Murtuz Sadıxov, Həbib Babayev və Məmməd Qocayevin araşdırmaları sayəsində təşəkkül tapmış ədəbiyyatşünaslıq, ədəbi əlaqələr və tərcümə sənəti üzrə elm sahələri XXI əsrin ilk iki onilliyində məhz professor A.Məmmədli kimi ensiklopedik biliyə malik alimlərin elmi potensialı ilə qoruna bilmiş və yeni nəsil dilşünas alimlərin yetişdirilməsi işi uğurla davam etdirilmişdir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BSU-nun təsisçiliyi ilə nəşr edilən “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru vəzifəsində çalışdığı illərdə və sonrakı dövrdə professor A.Məmmədli müasir dilçilik elminin inkişaf perspektivləri, rus dilində rast gəlinən İncil frazeologiyaları, A.S.Puşkin yaradıcılığında Şərq, Avropa-Asiya, Qafqaz mövzuları, Bibliyanın türk dillərinə tərcümə problemləri, tərcümə sənətinin bəzi incəlikləri və absurd görünən tərəfləri, post-totalitar dövrünə xas olan bir sıra psixolinqvistik mövzular ətrafında diskurslar, dil, ədəbiyyat və mədəniyyətlərdə arxetiplər və sair məsələlərin tədqiqi ilə məşğul olub. Görkəmli alim beynəlxalq elmi konfrans və simpoziumlarda respublikamızı və universitetimizi ləyaqətlə təmsil edib, BSU-da keçirilən ciddi elmi məclislərin dəfələrlə moderatoru olub.

BSU-da müxtəlif elm sahələri üzrə tədqiqat istiqamətlərinin formalaşdırılması və tədris ehtiyaclarına yönəldilməsi, elmi-tədqiqat laboratoriyalarının fəaliyyətinin və araşdırmalarının müasir elmi çağırışlara uyğun aparılması, elmi tədqiqatlara cəlb olunan gənc alimlərin intellektual səviyyəsinin yüksəldilməsi, universitetdə fəaliyyət göstərən müxtəlif elmi dərnəklərə istedadlı bakalavrların, magistrant və doktorantların cəlb olunmasına xüsusi qayğı göstərmiş unudulmaz pedaqoq və alim, respublikanın Əməkdar müəllimi, professor A.Məmmədlinin yoxluğunu həmişə hiss edəcəyik.
Allah rəhmət eləsin!

Telman Cəfərov,
BSU-nun Tədris işləri üzrə prorektoru,
filologiya üzrə elmlər doktoru, professor

Məqalədə:
Xəbər lenti

Xəbər lenti