Bakı. Samir Əli - Trend:
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cəmiyyətdə aktuallığı ilə seçilən ekoloji hüquqpozmaların aşkar edilməsi, araşdırılması və qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Quba və Xaçmaz rayonları ərazisində yerləşən Qaraçay, Vəlvələçay, Qudyalçay və Babaçay adlı cəmi 4 qum-çınqıl yataqlarında fəaliyyət göstərən qum-çınqıl karxanalarında araşdırma aparılıb.
Ətraf mühitinin mühafisəzi sahəsində mütəxəssislərin iştirakı
ilə GPS cihazları vasitəsilə ölçü işləri aparılaraq əraziyə baxış
keçirilmiş, müxtəlif sorğular göndərilib. İlkin hesablamalara görə
8 şirkət və 5 sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin
fəaliyyətində 6 milyon manatdan çox məbləğdə ziyana səbəb olmuş
qanun pozuntuları aşkar edilib.
Araşdırma nəticəsində fakt üzrə Cinayət Məcəlləsinin 188.1 (qanunla
müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan
torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud
həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma), 255.1, 255.2
(yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 308.1 və
308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 13
cinayət işi başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun
İstintaq idarəsinə göndərilib.