Bakı. Trend:
Tehranda Azərbaycan səfirliyinə olunan terror hücumunu birbaşa Azərbaycan dövlətçiliyinə qarşı hücum kimi qiymətləndirirəm. İndi regionda sülhü və əməkdaşlığı müzakirə etmək əvəzinə bir-birindən təhlükəli hadisələr baş verir. Təəssüf ki, İran dövləti öhdəliyinə düşən təhlükəsizliyi təmin etmədi. Azərbaycan vətəndaşı İran kimi gücüylə öyünən dövlətin bacarmadığını etdi, eynilə 30 il beynəlxalq sənədlərin, qətnamələrin etmədiyini Azərbaycan ordusu reallaşdırdığı kimi.
Bunu Trend-ə Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
O bildirib ki, 30 il Azərbaycan torpaqları işğalda qaldı, İran bundan öz məqsədləri üçün istifadə etdi, iqtisadi və ticari əlaqələr qurdu və gəlirini artırdı.
“Ermənistan regiondan öz maraqları üçün istifadə etmək istəyən dövlətlərin əlində sadəcə oyuncaqdır. Onlar Ermənistanın mənafeyini müdafiə etmir, Azərbaycanın güclənməyini özünə hədə görür və Azərbaycan dövlətinin təklif etdiyi kommunikasiya xətləri onları qane etmir. Çünki Ermənistan zəif bir ölkə olaraq daim özünə havadarlar axtarmaqla məşğul idi, həmçinin də istifadə və istismar olunan onun öz sərvəti və haqqı deyildi. Bir növ, Azərbaycana məxsus olanları başqa dövlətlərə peşkəş edərək özünə kölgəsinə sığınmağa tərəfdar axtarırdı.
Ermənistan rəhbərliyi də bilir ki, onlar 30 il əvvəl Qarabağı öz güclərinə işğal etməmişdilər. Buna görə də Ermənistan uzun illər bu torpaqları başqalarının istismarına verdi. İndi bu qüvvələr birləşərək regionda vəziyyəti qızışdıraraq, gərginləşdirərək razılaşmalardan dönmək istəyirlər, çünki istər kommunikasiya məsələsi, istərsə də Türkiyənin regionda güclənən nüfuzu və Azərbaycanın beynəlxalq aləmdə artan mövqeyi onları narahat edir”, - deyə deputat bildirib.
O qeyd edib ki, İran üçün 30 illik yaranmış bu coğrafi vəziyyət onun bilavasitə gəlir mənbəyi idi. “O, 30 il ərzində bəzi xətlər üzrə dəhliz rolunu oynayıb. Azərbaycanın qələbəsi ilə bitən İkinci Qarabağ müharibəsindən sonra İranın tranzit baxımından aktivliyinin azalma ehtimalı onu narahat etdi. İran üçün mümkün iqtisadi itkilərin miqyasını İran Yol və Nəqliyyat Nazirliyinin statistik rəqəmlərində də görmək olar.
Bunu tək biz demirik, bütün beynəlxalq siyasətçilər də qeyd edir ki, 2020-ci ilin noyabr bəyannaməsiylə dəyişən geosiyasi vəziyyətə İran həssas mövqeyini nümayiş etdirir.
Məhz Ermənistanın zəifliyi və qətiyyətsizliyinin nəticəsidir ki, bölgədə yenilənmiş "böyük güc yarışması” yaranıb. İndiki mənzərədən də aydın olur ki, İran Azərbaycanın İsrail və ABŞ-la əməkdaşlığına, yeni yaranmış tərəfdaşlıqlarına qıcıqlanır. Hazırda Tehran regiondakı yeni layihələri özünün iqtisadi mənfəəti baxımından da dəyərləndirir. Mediada ölkələr arasında müzakirə olunan ziddiyyətlərlə yanaşı, İranla Azərbaycanın ortaq layihələri də göstərilir.
Azərbaycan qonşularla mübahisəli məqamları konflikt dərəcəsinə çatdırmaq istəmir. Başqa ölkələrdən fərqli olaraq, Azərbaycan bu tip gərginlikləri bilavasitə toqquşma səviyyəsinə gətirib çıxarmayıb. Bu səbəbdən də İran öz ölkəsi daxilindəki anti-Azərbaycan siyasətini dayandırmaqla yanaşı, səfirliyə olunan hücuma görə Azərbaycan cəmiyyətinə açıqlama verməlidir”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
Azərbaycanın İrandakı səfirliyindəki terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi dünən axşam Bakıya gətirilib və bu gün İkinci Şəhidlər Xiyabanında dəfn olunub.