Bakı. Trend:
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti "Kibertəhlükəsizlik təlimi - 2023" təlimini izləyib.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, Baş idarə rəisi general-mayor Məmməd Eminov
Kibertəhlükəsizlik qovşağında təlimlə bağlı müdafiə nazirinə məruzə
edib.
Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd Azərbaycan
Ordusunun Elektron İnformasiya Sisteminin tərkibində bütün növ
qərargahlarla, həmçinin komanda məntəqələri ilə məlumatların
təhlükəsiz mübadiləsini təmin etmə bacarıqlarının
təkmilləşdirilməsi, eləcə də sistemdə və digər informasiya
resurslarında mövcud təhlükələr barədə istifadəçilərin
maarifləndirilməsi, ehtimal olunan kiber hücumlara qarşı müdafiə
qabiliyyətinin inkişaf etdirilməsidir.
Ən yeni texnoloji avadanlıqlarla təchiz edilmiş qovşaqda keçirilən təlimdə hərbi qulluqçular kiber təhlükəsizlik tədbirləri üzrə müxtəlif tapşırıqları icra etməklə bilik və bacarıqlarını daha da təkmilləşdirəcəklər.
Müdafiə naziri təlimin gedişatını müsbət qiymətləndirib və Azərbaycan Ordusunda kibertəhlükəsizlik tədbirlərinin daha da inkişaf etdirilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.