Bakı. Trend:
Dərman bazarı əhali tərəfindən ən çox müzakirə olunan sahədir. Bu bazarda rəqabət mühitinin mədudluğu qiymətlərin baha olmasına gətirib çıxarıb və hamının dərmana əlçatanlığında çətinliklər yaradıb.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
"Dərman vasitələri haqqında qanunda dəyişiklik olunması və bu sahə ilə bağlı Tarif Şurasının qərarının dərman bazarında yeni bir dövrün başlanmasına yol açacağını düşünürəm. Yeni qərardan sonra Tarif Şurası bazarda dərman vasitələrinin qiymətinin ancaq yuxarı həddini müəyyənləşdirəcək. Bu, dərman vasitələrini aşağı qiymətlə idxal edən şəxslərin daxili bazara daha ucuz qiymətlərlə təqdim etməsinə imkan verəcək. Köhnə qaydalarda Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlərdən daha aşağı qiymətə satışın həyata keçirilməsi qadağan olunmuşdu.
Digər müsbət hal dərman vasitələrinin ölkədə qeydiyyatdan keçirilməsi müddətinin 4 aya qədər azaldılması ilə bağlıdır. O cümlədən, xarici ölkələrdə qeydiyyatdan keçmiş dərmanların birbaşa bazara daxil olunmasına şərait yaradılır. Köhnə qaydalara əsasən, ölkəyə idxal olunan dərman vasitələrinin satışa çıxarılması üçün bir ilə qədər vaxt tələb olunurdu. Amma yeni qaydalarda 1 aydan 4 aya qdər zaman tələb olunacaq ki, bu da idxal olunan yeni dərmanların qısa zamanda ticarət şəbəkəsinə daxil olmasına imkan verəcək", - deyə A.Badamov bildirib.
Deputat əlavə edib ki, Tarif Şurasının qərarının vacib məqamlarından biri də reseptlərin elektronlaşdırılması və reseptlərdə yazılan dərman vasitələrinin adları ilə yox, tərkibindəki təsiredici maddələrin adları ilə yazılmasıdır.
"Bu, xəstələrin həkimin yazdığı reseptdəki dərmanı axtarması məsələsini gündəmdən çıxaracaq. Belə ki, dərmanın tərkibində xəstənin müalicəsinə təsir edən eyni maddələr bir neçə dərmanın tərkibində olur. Belə olan halda xəstə tərkibində həmin maddənin olduğu hər hansı bir dərmanı alacaq.
Bu gün ölkəmizdə farmaseptika sahəsi inkişaf dövrünə qədəm qoyur. Pirallahıda yaradılmış Sənaye Parkında dərman vasitələri istehsal olunacaq. Bu dərman vasitələri həm daxili bazarın təminatını həyata keçirəcək, həm də ixrac yönümlü olacaq.
Tarif Şurasının dərmanlarla bağlı yeni qaydaları bu bazarda rəqabət mühitini inkişaf etdirəcək. Rəqabət bazar iqtisadiyyatının ən mühüm amilidir. Bazarda rəqabət mühiti qiymətləri tənzimləməlidir. Yeni qaydaların qüvvəyə minməsinin dərman bazarında qiymətlərin aşağı düşməsinə və insanlara əlçatan olmasına yol açacağını düşünürəm", - deyə o əlavə edib.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının dünən keçirilən növbəti iclasında hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edilib.
Bu qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib, yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.
Qəbul edilmiş qərar dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühitinin yaradılmasına və əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan verəcək.