Bakı. Trend:
Ermənistan vətəndaşlarının 1,1 faizi Fransanın hərbi-siyasi yardımlar göstərəcəyini düşünür.
"GALLUP International Association"ın Ermənistandakı nümayəndəliyinin keçirdiyi rəy sorğunun nəticələri belədir. Nümayəndəliyin rəhbəri Aram Navasardyanın dediyinə görə, rəyi soruşulanların 23 faizi ABŞ-dan, 21,3 faizi Hindistandan, 18,7 faizi - İrandan, 14,4 faizi - Rusiyadan, 1,8 faizi isə Çindən hərbi-texniki və siyasi dəstək gözləyirlər.
Respondentlərin 7,1 faizi hərbi-siyasi dəstək mənbəyi qismində başqa ölkələrin adlarını çəkib, 15,7 faizi isə ümumiyyətlə, heç bir ölkənin Ermənistana belə dəstək verməyəcəyini deyiblər.
Rəyi soruşulanların 10,7 faizi cavab verməyə çətinlik çəkib.
GALLUP-un sorğusu yeganə deyil: son iki ayda Ermənistanda keçirilmiş rəy sorğularının və sosiolji araşdırmaların yarıdan çoxu (57 faiz) ölkənin hərbi-siyasi və texniki-maliyyə dəstəyini hansı dövlətlərdən ala biləcəyi ehtimalı ilə bağlıdır.
Sorğuların nəticələri fərqli olsa da, mahiyyət eynidir.
Ermənistan sakinləri sürəkli olaraq onlara dəstək ola biləcək ölkə arayırlar.
Həmin ölkələrin ilk "onluğu" ənənəvi olsa da, son vaxtlar siyahıya Çin, Tayvan, Yaponiya, Misir, Almaniya, Polşa, İspaniya, hətta İraq və Birləşmiş Ərəb Əmirlikləri də əlavə olunub.
Ermənistan vətəndaşlarının əsas ümid yerləri isə dəyişməyib: ABŞ, Rusiya, İran, Yunanıstan, Fransa, Hindistan.
Orta statistik erməninin gözləntiləri onillər boyu dəyişməz qalıb - Ermənistan sakinləri nədənsə daim düşünürlər ki, onları mütləq şəkildə hansısa ölkə dəstəkləməli, silah-sursat və maliyyə ayırmalı, müdafiə etməli, qorumalı, beynəlxalq təşkilatlarda ermənilərdən artıq erməni olmağa çalışmalıdır.
İdefikslərin emosional yanlışlığı o həddə çatıb ki, rəy sorğularına qatılmış ermənilərin mövqelərinə görə, sadalanan dövlətlər az qala onları dəstəkləməyə və hətta onların əvəzinə vuruşmaq üçün hərbi kontingent yollamaq məcburiyyətindədir. Məhz belə - ermənilərin əksəriyyəti buna qətiyyən şübhə etmir və düşünürlər ki, Qərb dövlətləri fasiləsiz olaraq Ermənistana yardım etməlidir.
Qonşu dövlətdə yaşayanların qənaətinə görə, yardımlar ənənəvi olmamalıdır - həmin dövlətlər maliyyə vəsaiti ayırmaqla yanaşı, "dünyanın ilk xristian dövləti"nin üzləşdiyi geosiyasi çağırışları və problemləri həll etməlidirlər.
Aşkar tüfeyli davranış modelinin erməni cəmiyyətinnə sirayət etməsi faktdır, lakin bunun səbəbləri də maraqlıdır.
Ermənistanda və habelə, müxtəlif ölkələrdəki erməni icmalarında az qala aksiomaya çevrilmiş iki fikir var:
1. "Ermənilər dünyanın ən qədim, ən intellektual, ən çox təqiblərə və faciələrə məruz qalmış xalqlarından biri olduğu üçün Qərb mütləq şəkildə tam dəstək göstərməli, həmin dəstək daimi və fasiləsiz olmalıdır".
2. "Ermənistan xristian dünyasının Cənubi Qafqazda ən önəmli təmsilçisi olduğu üçün Qərb bunu dəyərləndirməli və ermənilərin çağırışlarını layiqincə qiymətləndirməlidir".
İki fikirdən savayı onillərdən bəri ermənilərin daimi gündəmdə saxladıqları digər narrativ isə artıq tarixə qovuşmuş "Qarabağ məsələsidir" ki, erməni diaspor təşkilatları bunu "Qərb bizə yardım etməsə, Ermənistan məhv olacaq" kimi dəyərləndirir və qələmə verirlər.
Ermənilərin əsl faciəsi odur ki, onların siyasi, sosial, mədəni və dini elitaları bəhs etdiyimiz narrativlərin yanlış, uydurma olduqlarını, xalqa fəsadlar və fəlakətlər vəd etdiklərini etiraf etmirlər.
Hələ də ABŞ-ın mərhum prezidenti Vudro Vilsonun "14 bəndlik prinsiplər"ini mövcud geosiyasi reallıqlara uyğunlaşdırmağa çalışan, özlərini "xristian dünyasının ən mətin nümayəndələri, türk dünyası və İslam aləminin qarşısında alınmaz qala" kimi təqdim edən erməni ziyalılar, siyasətçilər və din xadimləri kütləvi pafoslu, emosional şüarlarla idarə etməyə çalışırlar.
Problemi ağırlaşdıran digər önəmli məqam isə Ermənistanın hakimiyyət dairələrinin belə təhlükəli demaqogiyanı dəstəkləmək bir yana - ondan tam bəhrələnməyə çalışmalarıdır.
Baş nazir Nikol Paşinyanın idarəetmə stili bilavasitə erməni narrativlərinə əsaslandığından onun ritorikasında dəyişməyən məqamlar ərazi iddiaları, uydurma tarixə əsaslanan absurd istinadlar, daimi yardım gözləntiləri, dəstək arayışlarıdır.
Ölkə müstəqillik qazandığı ilk gündən Rusiyanın Cənubi Qafqazdakı forpostuna çevrilməyə könüllü razılıq vermiş və bunun müqabilində Azərbaycan ərazilərinin 20 faizini işğal etməyə imkan əldə etmişdi.
Təqribən 30 il davam edən işğal zamanı Ermənistanın daxili və xarici siyasətində köklü dəyişikliklər baş vermədi: aşkar Moskva yönlü siyasət, Rusiyadan idarə olunan isteblişment və ifrat radikallıq,şovinizm, dini və etnik zəmində nifrət, ərazi iddiaları və daha bir neçə psixosiyasi komplekslərə əsaslanan ideologiya erməniləri strategiyası oldu.
Məhz bu səbəbdən Ermənistan onillər boyu bölgədəki bütün transregional və beynəlxalq layihələrdən, marşrutlardan və kommunikasiyalardan kənarda qaldı.
44 günlük İkinci Qarabağ Müharibəsi Ermənistanın kapitulyasiyası, Azərbaycan Ordusunun Xankəndindəki terrorçu-separatçı xuntaya qarşı lokal antiterror tədbirləri isə siyasi məğlubiyyəti ilə başa çatdı.
Ermənistan sonr 223 ildə bəsləndiyi ideologemlərdən, şüarlardan, kütlənin metafizik qidasına çevrilmiş miflərdən məhrum olub.
Məhz bu səbəbdən Nikol Paşinyan indi yeni orientir, hami arayır və əslində bu arayış ermənilərin yeni hami axtarışıdır.
Fransanın Ermənistanla və ümumiyyətlə, ermənilərlə bağlı tutduğu mövqe, rəsmi Parisin ölkəmizlə bağlı absurd və irrasional siyasəti siyasi fars təsiri bağışlayır. Fransanın siyasi elitalarındakı zahiri, çox saxta və ucuz oyun təsiri bağışlayan erməni aşiqliyinin pik nöqtəsi Senatda qəbul edilmiş marazmatik bəyanatlarla qətnamələr oldu.
Fransa prezidenti Emmanuel Makronun aşkar və qəti şəkildə erməniləri dəstəkləməsi, Cənubi Qafqaz bölgəsində əsas tərəfdaş qismində Ermənistanı gördüyünü aramsız bəyan etməsi rəsmi Bakı üçün ciddi problemlər yarada bilməz. Problemlərlə Ermənistan qarşılaşacaq, çünki Fransanın xarici siyasətinin və diplomatiyasının daşlaşaraq aksiomlara çevrilmiş qaydaları göstərir ki, Paris vəd verdiyi, dəstək öhdəliklərini sıraladığı ölkələri həmişə, hər zaman aldadıb.
Parisin vədlərinə inanmış və bu səbəbdən qonşuluqdakı dövlətlə, yaxud dövlətlərlə münasibətləri normallıq səviyyəsindən çıxarmış ölkələrin acı taleyi barədə məlumat arayanlar İnternetdə axtarış edə bilərlər.
Ermənilər indi Fransadan tutmuş, az qala Qabona və ya Kabo-Verdeyədək ən müxtəlif ölkələrdən yardım gözləyir, Azərbaycan ərazilərinin bir qismini yenidən işğal edəcəklərini, mifik uydurmalarını və saxta tarixlərini ön plana çəkərək çeynənmiş tezislərini reallaşdıracaqlarını deyirlər.
Fəqət, bunların heç biri olmayacaq.
Fransa, İran, Rusiya, ABŞ və ya Hindistan üçün Ermənistan geosiyasi baxımdan perspektivsiz, geostrateji məqamlar sarıdan önəmsiz, zəif iqtisadiyyata, səbatsız hakimiyyətə, xəyanətə meylli siyasi elitalara, natamam cəmiyyətə və bitkinlikdən çox uzaq sosial strukturlu cəmiyyətə malik ölkədir.
Belə ölkə dəstəklənmir, yardımlarla yaşamır və inkişaf edərək güclənmir: bilaəks, həmin ölkənin taleyi fasiləsiz olaraq bu və digər dövlətin marioneti, köləsi, buyruq qulu olmaqdır.
Ermənistan cəmiyyətinin zəhərli idefikslərdən, mənasız şüarlardan, yalan tarixdən qurtulması inkişafın qaçılmaz şərtləridir.
Əksi bügünkü Ermənistandır...