Bakı. Trend:
Paytaxtın Xəzər rayonu ərazisində yaşayan bir nəfərin bank kartından 1 070 manat maddi vəsaitin naməlum şəkildə digər hesaba köçürülərək oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə təqsirli bilinən Cavid Kərimov saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırmalarla onun “Telegram” sosial şəbəkəsində səhifələr açaraq müxtəlif kiber üsullarla bank kartlarından oğurluq etdiyi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, C.Kərimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.