...

Çin–Azərbaycan münasibətləri: Yeni strateji mərhələnin astanasında - ŞƏRH

Gündəm Materials 24 Aprel 2025 17:49 (UTC +04:00)
Çin–Azərbaycan münasibətləri: Yeni strateji mərhələnin astanasında - ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 1992-ci ilin aprel ayında qurulub. Bu tarixi addım iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əməkdaşlığın əsasını qoydu. Son otuz ildən artıq dövrdə bu münasibətlər sabitlik, qarşılıqlı hörmət və bərabər tərəfdaşlıq prinsiplərinə əsaslanaraq sistemli şəkildə inkişaf edib. Xüsusilə son onillikdə əməkdaşlıq daha da dərinləşib, yüksək səviyyəli qarşılıqlı səfərlər və ortaq beynəlxalq təşəbbüslər bu əlaqələrin strateji xarakter almasına zəmin yaradıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Çinə həyata keçirdiyi dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçidini simvolizə edir. Səfər çərçivəsində imzalanmış mühüm sənədlər sırasında, xüsusilə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın önəmi vurğulanmalıdır. Bu sənəd, ölkələr arasında münasibətlərin daha geniş çərçivədə, uzunmüddətli və dayanıqlı əsaslarla inkişaf etdiriləcəyinə dair siyasi iradənin ifadəsidir.

Deputatın sözlərinə görə, səfər zamanı imzalanan “Ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” isə iki ölkə arasında insan əlaqələrinin, xüsusilə də turizm sahəsində qarşılıqlı axının intensivləşməsinə imkan yaradacaq:

"Bu sənəd, mədəni və sosial mübadilələrin genişlənməsi üçün yeni yollar açmaqla yanaşı, qarşılıqlı etimadın göstəricisidir.

Bundan əlavə, enerji, təmizləmə texnologiyaları (o cümlədən minalardan təmizləmə), elm və texnologiya, texniki-iqtisadi əməkdaşlıq, birbaşa investisiyalar, beynəlxalq multimodal daşımalar və ticarət kimi sahələr üzrə imzalanan sazişlər qarşılıqlı münasibətlərin daha da dərinləşməsinə və mövcud potensialdan tam istifadə edilməsinə şərait yaradacaq. Bu əməkdaşlıq yalnız iki ölkə arasında deyil, region miqyasında da sabitlik və inkişaf üçün əhəmiyyətli stimul olacaq.

Nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı xüsusilə vurğulanmalıdır. Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələrdə fəal iştirakı Çin üçün Avropaya daha sürətli və etibarlı çıxış imkanları yaradır. Bu marşrutlar “Bir Kəmər, Bir Yol” təşəbbüsünün reallaşdırılması baxımından mühüm geostrateji əhəmiyyət kəsb edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası bu marşrutların əsas logistika qovşaqları kimi çıxış edərək Çin-Azərbaycan əməkdaşlığının iqtisadi əsasını daha da möhkəmləndirir”.

A.Həsənova qeyd edib ki, mövcud geosiyasi reallıqlar fonunda Azərbaycanla Çin arasında münasibətlərin davamlı və çoxşaxəli inkişafı, regional və beynəlxalq sabitliyə töhfə verməklə yanaşı, hər iki ölkənin milli maraqlarına da xidmət edir:

"Bu əməkdaşlıq modeli qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli tərəfdaşlıq prinsipinə əsaslanaraq gələcəkdə də daha da genişlənəcəyinə işarə verir”.

Xəbər lenti

Xəbər lenti