Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir E.İsmayılov/
Əfqanıstanda qəzaya uğramış Azərbaycanın "Silk Way" şirkətinə məxsus təyyarənin meyitlərinin qalıqları tapılmayan ekipaj üzvləri hələlik itkin düşmüş hesab edilirlər. Trend-in məlumatına görə, bu barədə "AZAL" QSC-nin vitse-prezidenti, qəzanın səbəblərinin araşdırılması üzrə komissiyanın rəhbəri İlham Əmirov cümə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bundan əvvəl ekipajın 4 üzvünün - ikinci pilot Oleq Marşixinin (1979-cu il təvəllüdlü), bort mühəndisi Vladimir Şatobinin (1969-cu il), bortoperator Tapdıq Qəhrəmanovun (1964-cü il), aviatexnik Mehman Hüseynovun (1962-ci il) qalıqları tanınmışdı.
Əmirovun dediyinə görə, təyyarənin "qara qutu"sunun şifrəsinin açılmasından sonra əldə olunan ilk məlumata əsasən, hava gəmisinin yerə enmə trayektoriyası əvvəlcədən təsdiqlənmiş enmə trayektoriyasına uyğun gəlmir. Lakin bunun səbəbi hələlik məlum deyil.
Onun sözlərinə görə, təyyarənin qəzaya uğramasına səbəb olan kənar amilin mümkünlüyü ehtimalı yoxdur.
"Qara qutu"nun şifrəsinin açılmasının nəticələri Əfqanıstandakı (qəzanını baş verdiyi ölkə) komissiyaya təqdim olunacaq.
AZAL-ın vitse-prezidenti həmçinin qeyd edib ki, indiyədək hava gəmisinin bort sisteminin parametrlərini qeydə alan ikinci "qara qutu" tapılmayıb. Şifrəsi oxunan "qara qutu" ekipajın danışığını qeydə alıb.
Əmirovun dediyi kimi, ekipaj üzvlərinin ailələrinə kompensasiyalar tam həcmdə Əfqanıstanda yaradılan komissiyanın yekun rəyindən sonra veriləcək. Ödənişlərin həcmi həlak olanların ailə üzvlərinin sayından və digər amillərdən asılı olaraq 80 mindən 100 min manatadək təşkil edəcək.
Ekspertiza ekipaj üzvlərinin orqanizmində spirtli içki, hansısa psixotrop və narkotik maddələrin izlərini aşkar etməyib.
İyulun 6-na keçən gecə Azərbaycanın "Silk Way" aviaşirkətinin təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Bakı-Baqram marşrutu ilə hərəkət edən təyyarə Əfqanıstan ərazisində qəzaya uğrayıb. Yerli vaxtla saat 21:26-da havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev Beynəlxalq Hava Limanından qəbul etdiyi 18 ton yük olub.
Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə istehsal edilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.
Qəza zamanı ölən 9 ekipaj üzvündən 5-i Azərbaycan, digərləri isə Özbəkistan vətəndaşları olublar.
Hazırda Moskvada MDB Dövlətlərarası Aviasiya Komitəsində təyyarənin qəzaya uğraması səbəblərini müəyyən etmək üçün təyyarənin "qara qutu"sunun analizini həyata keçirilir.
Təyyarənin ekipajı doqquz nəfərdən ibarət olub:
1.Gəminin komandiri Sergey Kuzmin (1969-cu il təvəllüdlü)
2. İkinci pilot Oleq Marşixin (1979-cu il)
3. Şturman İqor Çjen (1966-cı il)
4. Bort mühəndisi Vladimir Şatobin (1969-cu il)
5. Birt radisti Əhmədcan Xacayev (1955-ci il)
6. Bort operatoru Elnur Mahmudov (1981-ci il)
7. Bort operatoru Tapdıq Qəhrəmanov (1964-cü il)
8. Aviatexnik Əfqan Rəhimov (1980-ci il)
9. Aviatexnik Mehman Hüseynov (1962 -ci il)
E. Mahmudov, T.Qəhrəmanov, Ə.Rəhimov, M. Hüseynov və O.Marşixin Azərbaycan vətəndaşları olublar.