Azərbaycan, Bakı, 7 iyun /Trend/
Şamaxı rayonu, Sabir qəsəbəsində Pirsaat çayının hövzəsində (rayon mərkəzindən 9 km aralı) çınqıl karxanasında uçqun baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Müəyyən olunub ki, karxanada fəhlə işləyən 1 nəfər uçqun altında köməksiz vəziyyətdə qalıb.
Zərərçəkmiş yanğınsöndürən-xilasedicilər tərəfindən xilas edilərək Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.