...

Qax rayonunda ağır yol qəzası baş verib, ölənlər var

Hadisə Materials 9 İyul 2013 08:00 (UTC +04:00)
Qax rayonunda ağır yol qəzası baş verib.
Qax rayonunda ağır yol qəzası baş verib, ölənlər var

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Qax rayonunda ağır yol qəzası baş verib. Trend-in Kanal S-ə istinadən verdiyi məlumata görə, qəza zamanı iki nəfər dünyasını dəyişib,bir nəfər isə ağır xəsarət alıb.

Yol nəqliyyat hadisəsi Yevlax-Zaqatala-Gürcüstan magistralının 84-cü km-də, Qax rayonunun Qıpçaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Qax rayonu Baydarlı kənd sakini 1986-cı il təvəllüdlü Qurbanov İntiqam Nadir oğlunun idarə etdiyi 34-BC-798 dövlət nömrə nişanlı VAZ-21011 markalı avtomobili, rayonun Kötüklü kəndindən Qıpçaq kəndi istiqamətində hərəkətdə olarkən, magistral yolda hərəkətdə olan, Bakı-Balakən marşrutu üzrə işləyən, Balakən rayon Qazma kənd sakini 1984-cü il təvəllüdlü Balayev Elvin Bəxtiyar oğlunun idarə etdiyi 90-HH-403 dövlət nömrə nişanlı Mersedes-Benz markalı sərnişin avtobusunun sağ arxa yan hissəsindən vurub.

Zərbənin gücündən VAZ-21011 magistral yolun qarşı tərəfinə düşüb. Qəza nəticəsində VAZ21011-in sürücüsü Qurbanov İntiqam Nadir oğlu elə hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər, 22 yaşlı Qax rayon Qıpçaq kənd sakini Salamov Təbriz Akif oğlu və 22 yaşlı Qax rayon Baydarlı kənd sakini Qasımov Xəyal İmran oğlu, Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstələrdən Salamov Təbriz Akif oğlunun vəziyyəti ağır olub və həkimlərin səyinə baxmayaraq hadisədən saat yarım sonra xəstəxanada dünyasını dəyişib.

Xəstəxanadan verilən məlumata görə, digər yaralı Qasımov Xəyal, ağır kəllə beyin travması, komatoz vəziyyət diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib. Qəza zamanı avtobusda da sərnişinlər olub və onlardan heç biri xəsarət almayıb.Qəzanın VAZ21011-in sürət həddini aşma səbəbindən baş verdiyi ehtimal olunur.

Qəza ilə bağlı Baş Dövlət Yol Polisi, İstintaq və Təhqiqat qrupunda araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti