...

Binəqədidə yanan bina ilə bağlı təqsirləndirilən şəxslərə bəraət istənilib

Hadisə Materials 11 Yanvar 2017 16:53 (UTC +04:00)
Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.
Binəqədidə yanan bina ilə bağlı təqsirləndirilən şəxslərə bəraət istənilib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin mayında Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Ələkbər Əsgərovun vəkili Elvin Səlimov, Uğur Bəşirovun vəkili Vüsal Hüseynov və Nizami Orucovun vəkili Pərviz Zamanlı müdafiə çıxışı edib. Vəkillər təqsirləndirilən şəxslərə bəraət istəyib.

Təqsirləndirilən şəxs Miryusif Mahmudovun vəkili İlhamə Həsənova isə müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Proses yanvarın 17-də davam edəcək.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə caza istəyib. Prokuror çıxışında M.Mahmudovun 10 il, U.Bəşirovun 8 il, Ə.Əsgərov, Q.Novruzov və Ə.Rəcəbovun 7 il, N.Orucov, A.Məmmədov və A.Əlibəyovun isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, 2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Construction" MMC təsisçisi M.Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru U.Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ə.Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ə.Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi N.Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Q.Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri A.Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru A.Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti