Bakı. Trend:
Son günlərdə dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən bir sıra uğurlu əməliyyatlar keçirilib, narkotik vasitələrin dövlət sərhədindən qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb.
DSX-dən Trend-ə verilən məlumata görə, 7 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonunun ərazisində dövlət sərhədindən narkotik vasitələrin qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınarkən Masallı rayon sakini 1994-cü il təvəllüdlü Nəzirli Cavad Fikrət oğlu saxlanılıb. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən 1 kq 720 qr “heroin”, 2763 manat və 3 ədəd mobil telefon aşkar olunaraq götürülüb. Həmin cinayətin digər iştirakçısı təqibdən yayınaraq meşə massivində gizlənməyə müvəffəq olub. Qeyd olunan şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
18 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Lənkəran rayonunun Vel kəndinin ərazisində xidmət aparan sahil nəzarəti bölməsinin əməkdaşları tərəfindən sahildə kolluqların arasında gizlədilmiş halda 1 kq 85 qr “heroin” aşkarlanaraq götürülüb.
Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.