Bakı. Samir Əli - Trend:
Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 6-da bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 16,2 kiloqramdan artıq narkotik vasitə olan marixuana, həmçinin 27 ədəd çətənə kolu götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş V.Həsənovdan çəkisi 10,9 kiloqram marixuana götürülüb.
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Medvedyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Binə qəsəbəsindəki evdən isə dibçəklərdə kultivasiya yolu ilə yetişdirilmiş 27 ədəd çətənə kolu və çəkisi 4,8 kiloqramdan artıq marixuana da aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb.
Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Cabbarovdan 490 qram marixuana götürülüb.
Hər üç faktla bağlı cinayət işi başlanılıb. İstintaq və əməliyyat tədbirləri aparılır.