Bakı. Trend:
Yasamal rayonu ərazisində sərnişin avtobuslarından birində Çin Xalq Respublikasının vətəndaşı olan qadının çantasından oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, zərərçəkən şəxs Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinə məlumat verərək avtobusda olan zaman naməlum şəxsin onun içərisində 200 manat, sənədlər və şəxsi əşyaları olan pul kisəsini oğurladığını bildirib.
Bölmə əməkdaşlarınını həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Xalid Şəmşiyev saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.
Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun cari ilin fevralında Yasamal rayonunda bir avtomobilin açıq qalan pəncərəsindən salona daxil olaraq 800 manatdan artıq pul oğurladığı da məlum olub.
Faktlarla bağlı 28-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamalı Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, cibgirlik etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yasamal RPİ və ya 28-PB-nə müraciət edə bilərlər.