...

Binəqədi RPİ-də baş vermiş intihar faktı ilə əlaqədar Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb

Hadisə Materials 19 Dekabr 2005 19:06 (UTC +04:00)

Dekabrın 17-də Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsində baş vermiş intihar faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Trend ə Binəqədi rayon prokurorunun köməkçisi Mirqəni Cavadov məlumat verib.

"Dekabrın 17-də Sumqayıt şəhər sakini 1958-ci il təvəllüdlü Nəriman Tofiq oğlu Vəliyev Sulutəpə qəsəbəsində baş vermiş mənzil oğurluğunda şübhəli bilinərək Binəqədi rayon Polis İdarəsinə gətirilib. Təxminən 1 saata yaxın əməliyyatçı Rasim Şahverdiyevin otağında saxlanılıb. Həmin otaq idarənin 3-cü mərtəbəsində yerləşir. Təxminən saat 13.00 radələrində Nəriman Vəliyev özünü pis hiss etdiyini bildirib. "Dibazol" dərmanı qəbul edəndən sonra əməliyyatçıdan icazə alaraq eyvana çıxıb. Gözlənilmədən özünü eyvandan ataraq dünyasını dəyişib" - deyə prokuror köməkçisi bildirib.

M.Qəniyev onu da qeyd edib ki, faktla əlaqədar cinayət işinin istintaqı müstəntiq Elşən Məmmədovun icraatındadır. Elşən Məmmədov isə artıq əməliyyatçı Rasim Şahverdiyevin şahid qismində dindirildiyini söyləyib. "Hazırda ekspertizanın cavabını gözləyirik. Meyitin üzərində aparılmış müayinədən sonra Nəriman Vəliyevin işgəncəyə məruz qalıb-qalmadığı bəlli olacaq. Əməliyyatçı Rasim Şahverdiyevin də cinayət məsuliyyətinə cəlb olunub-olunmaması ekspertizanın rəyindən asılı olacaq" - deyə müstəntiq bildirib.

Xəbər lenti

Xəbər lenti