Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir X.Murtuzayeva/
Süni yolla yaradılan qan hüceyrələri ilk dəfə olaraq insana köçürülüb.
Söhbət laboratoriyada yetişdirilən qırmızı qan hüceyrələrindən gedir. Alimlərin sözlərinə görə, bu, süni qan yaradılması yolunda ilk əhəmiyyətli addımdır. Bu barədə "New Scientist" yazır.
Trend-in məlumatına görə, Pyer və Mari Küri Universitetinin əməkdaşı Lyuk Duye öz həmkarları ilə birgə könüllülərin sümük iliyindən qanyaradıcı gövdə hüceyrələrini ayıra bilib.
Bu hüceyrələr becərilən qırmızı qan hüceyrələrini böyüməyə məcbur edib ki, buna artım amillərindən hazırlanmış kokteyldən istifadə yardım edib. Hüceyrələri izləməyin mümkün olması üçün onları nizamladıqdan sonra alimlər 10 milyard hüceyrəni (təxminən 2 millilitr qan) geri - donora vurublar.
Beş gün keçəndən sonra hüceyrələrin 94-100 faizi orqanizmdə mövcud olmaqda davam edib. Amma 26 gündən sonra artıq onlardan yalnız 41-63 faizi qalıb. Belə yaşama adi qırmızı qan hüceyrələri ilə tamamilə müqayisə ediləndir. Üstəgəl, süni yolla əldə olunan qan hüceyrələri təhlükəsizdir (onlar bədxassəli hüceyrələrə çevrilmirlər), normal şəkildə oksigenə qoşulur və ondan azad olurlar. Eksperimentin uğuru bizə yaxın vaxtlarda qeyri-məhdud sayda qan hazırlama texnologiyasını əldə edə biləcəyimizdən xəbər verir.
Bundan əvvəl alimlər qanı əvəz edən maddə yaratmağa cəhd etsələr də, onlar məhsulun təhlükəsizliyi və onun səmərəsizliyi problemləri ilə üzləşiblər. Yaxın vaxtlarda Duye süni qan hüceyrələrinin böyük miqdarda, sürətlə istehsal edilməsi və xeyli ucuz olması üzrə texnologiya üzərində işləməyə hazırlaşır. Alimlərin hesablamalarına görə, bir qanköçürmə üçün 400 litr süni maye tələb olunur.