Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir X.Murtuzayeva/
Alimlər ən geniş yayılmış və əlilliyə səbəb olan iflic xəstəliyinin ağır fəsadlarından sürətlə xilas olmağın yolunu tapıblar. Belə ki, insultdan 30 dəqiqə sonra gövdə hüceyrələrinin xəstənin orqanizminə yeridilməsi onun sürətlə sağalmasına kömək edir. Nəticədə beyin, demək olar, artıq iki həftədən sonra normal işləməyə başlayır. Bunu siçanlar üzərində aparılan uğurlu təcrübələr göstərib. Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Məlumdur ki, gövdə hüceyrələri bədənin istənilən hüceyrələrinə çevrilərək toxumaların regenerasiyasını stimullaşdırmağa qadirdir. Boliviyanın La-Paz Universitetinin alimləri siçovullarda hüceyrələrin müəyyən tipini piydən və onurğa beynindən ayırıblar. Sonra hüceyrələr, demək olar ki, insultdan dərhal sonra damarlara daxil edilib. Hüceyrələr insultdan zərər çəkmiş zonaya çatmamış artıq heyvanların vəziyyətində əhəmiyyətli dərəcədə yaxşılaşma qeydə alınıb.
Alimlər 24 saat ərzində heyvanlarda sürətli bərpa əlamətləri müşahidə ediblər. İki həftədən sonra isə davranış testlərində, demək olar ki, normal göstəricilər qeydə alınıb. Beləliklə, hüceyrələrin orqanizmə yeridilməsi insultdan sonra toxumaların zədələnməsi ilə bağlı standart zəncirvari reaksiyani (bir qayda olaraq, ilkin zədələnmə hüceyrəni əhatə edən sahələrə yayılır) pozur.
Həm də heyvanlar gövdə hüceyrəsinin mənşəyindən asılı olmayaraq daha yaxşı sağalırlar. Mütəxəssislərin qeyd etdiyi kimi, bundan əlavə, bu halda təkcə xəstənin hüceyrələrindən deyil, donor hüceyrələrdən də istifadə etmək imkanı var ki, bu da texnologiyanı daha da cəlbedici edir.