...

Anjey Kasprşik Ermənistan-Azərbaycan münaqişəsini "yatmış" münaqişə kimi xarakterizə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Sentyabr 2007 12:03 (UTC +04:00)
Anjey Kasprşik Ermənistan-Azərbaycan münaqişəsini "yatmış" münaqişə kimi xarakterizə edib

Böyük Britaniya, London / Trend müxbir Q.Əhmədova/ "Ermənistan-Azərbaycan münaqişəsi dondurulmuş, unudulmuş deyil, yatmış münaqişədir" - deyə bazar ertəsi Londonda "Dağlıq Qarabağda dünya perspektivləri" ( Prospects for Peace in Nagorno -Karabakh) beynəlxalq konfransında ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi təmsilçisi Anjey Kasprşik bildirib.

Ermənistan və Azərbaycan arasındakı danışıqlar prosesi barədə məruzə edən xüsusi təmsilçi qeyd edib ki, proses hələ də, ölü nöqtədən tərpənməyib. "Lakin hər şey tərəflərin siyasi iradəsindən asılıdır" - deyə o bildirib.

Kasprşik həmçinin cəbhə xəttində silahlı qüvvələr arasında itki faktlarını təəssüflə qeyd edib.

Öz növbəsində Azərbaycanın Qeyri-Hökumət Təşkilatının (QHT) sədri İlqar Məmmədov qeyd edib ki, Azərbaycan cəmiyyətində bu məsələyə ayrıca yanaşma yoxdur: "Azərbaycanda bu məsələ müzakirələr altında yatmır, daha doğrusu, Azərbaycan cəmiyyətinin siyasətçisindən tutmuş sıravi vətəndaşına qədər bütün təbəqələri inamla bilirlər ki, bizim işğal olunmuş torpaqlarımız azad olunmalıdır".

Hər iki münaqişə tərəfinin təmsilçiləri, həmiçnin beynəlxalq ekspertlər siyasi dialoqlarda KİV və beynəlxalq cəmiyyətin formalaşdırdığı rəyin və vətəndaş cəmiyyətinin inkişafının vacib rolunu qeyd ediblər.

"Siyasətçilər danışıqlar prosesi çərçivəsindən kənar bir çox işlər görürlər" - deyə konfransda Ermənistanın "İnsanın inkişafı üzrə Beynəlxalq Mərkəz" QHT-nın nümayəndəsi Aşot Xurşuduyan bildirib. Qarabağ münaqişəsi ilə bağlı bir neçə fikrini üstüörtülü başa salan Xurşuduyan Dağlıq Qarabağdakı vəziyyəti "Dişi kirpi siyasəti"nin şahmatda özünəməxsus oyunu ilə müqayisə edib.

Avropa Şurasının Cənubi Qafqaz ölkələri üzrə xüsusi təmsilçisi Piter Semnebi öz çıxışında bildirib ki, "Avropa qonşuluq siyasəti" təşəbbüsünün reallaşdırılması üzrə Avropa Şurası və Cənubi Qafqaz ölkələri arasında münasibətlərin inkişafı münaqişənin nizama salınmasında kifayət qədər vacib rol oynaya bilərdi.

Beynəlxalq Strateji Elm İnstitutunda keçirilən konfransda həmçinin konfransın təşkilatçısı olan və özündə bir neçə beynəlxalq Qeyri-Hökumət Təşkilatını birləşdirən "Təşəbbüs Konsorsiumu" Koalisiyasının, o cümlədən "Consoliation Resources", " Link" və " International Alert"in nümayəndələri də çıxış ediblər. Bu QHT-lər bilavasitə münaqişələrlə məşğul olur və Qafqazda münaqişələrlə iş üzrə çox illik təcrübəyə malikdir.

Konfransda, həmçinin Azərbaycan və Ermənistan parlamentlərinin deputatları, Ermənistanın Böyük Britaniyadakı səfiri, Amerika-Ermənistan ticarət palatasının sədri, Avropa parlamentinin nümayəndələri, Azərbaycan və Ermənistan QHT-lərinin nümayəndələri, Bi-Bi-Si, Qardian, Aberdin və Kembric universitetlərindən olan jurnalistlər iştirak ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası nəticəsində yaranıb. Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Tərəflər 1994-cü ilin mayında atəşkəs rejiminə nail olublar və hələ də ATƏT-in Minsk qrupunun Rusiya, Fransa, ABŞ-dan olan həmsədrlərinin himayəsi altında uğursuz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti