...

Politoloqlar hesab edirlər ki, Kosovo məsələsi Qarabağ probleminin həllində dəyişikliyə səbəb olmayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2008 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir S.İlhamqızı/ Qarabağ Münaqişəsinin Tənzimlənməsi üzrə İctimai Şura Kosovo məsələsinin Qarabağ probleminə mənfi təsir göstərə biləcəyindən narahatdır. Trend in məlumatına görə, İctimai Şuranın ötən gün keçirilən toplantısında bu fikir səsləndirilib.

Şuranın üzvü, politoloq Rasim Musabəyov hesab edib ki, Kosovonun müstəqillik elan etməsi Qarabağla bağlı danışıqlara təsir göstərsə də, problemin həlli istiqamətində hər hansı dəyişikliyə səbəb olmayacaq: "Yaxın 5 ildə Serbiya da bu məsələni həzm edəcək və Avropa Birliyi çərçivəsində Kosovonun müstəqilliyini qəbul edəcək. Qarabağ problemi isə, Kosovo olmadan da öz həllini tapmayıb. Fərq odur ki, Kosovonu dünya xəritəsində görürlər, Dağlıq Qarabağı isə yox. Bu məsələdə hər şey regional balansdan asılıdır"-deyə Musabəyov bildirib.

Politoloqun fikrincə, Kosovo məsələsində ABŞ-la Rusiyanın mövqeyində cüzi fərq var. O, hesab edir ki, ABŞ etnik problemləri qabartmaqla, müttəfiqlərinə təsir göstərməyə çalışır, Rusiya da istəyir ki, problem həll olunmasın, hər şey olduğu kimi qalsın və məsələ uzansın. Avropa Birliyi isə, məsələlərin həllinə çalışır. "Unutmaq lazım deyil ki, Azərbaycanın torpaqları kağızla, prinsiplərlə deyil, rus silahları ilə işğal edilib. Buna görə də Rusiyanın mövqeyinə qarşı çıxışlar Azərbaycanın xeyrinədir"-deyə Musabəyov bildirib.

Politoloq Zərdüşt Əlizadə isə, hesab edir ki, Qarabağ məsələsində qarşı tərəf - işğalçı Ermənistan bu kartdan yararlanacaq: "Bizim hüquqi bazamız var, dünya Azərbaycanı Qarabağ problemi ilə tanıyır. NATO serbləri qırıb, indi də deyir ki, albanları qırıblar, bir yerdə yaşamaq mümkün deyil. ABŞ -ın əsas məqsədi müttəfiqlərini inkişafdan saxlamaqdır. Amerikanın əbədi dostları yoxdur, əbədi maraqları var. Albanlar da Qarabağdakı ermənilər kimidir. Bu baxımdan, mütləq maarifləndirmə işi aparmaq lazımdır, çünki maarifləndirmə işi aparılsa, onda nəzəri cəhətdən Qarabağı qaytarmaq olar. Amma Amerikanın cızdığı planla hərəkət etsək, uduzarıq"-deyə Əlizadə bildirib.

Müzakirələrin sonunda qərara alınıb ki, Qarabağ Şurasının adından beynəlxalq qurumlara ünvanlanan bəyanat hazırlansın və orada Azərbaycanın bütövlüyünün aşılanmasından narahatlıq hissi ifadə olunsun.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti