...

Mənim gözlərim önündə Dağlıq Qarabağda minlərlə günahsız azərbaycanlının qanı axıdılıb – rusiyalı general

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2008 17:55 (UTC +04:00)
Mənim gözlərim önündə Dağlıq Qarabağda minlərlə günahsız azərbaycanlının qanı axıdılıb – rusiyalı general

Rusiya, Moskva, 26 fevral/ Trend , müxbir R.Ağayev/ 1990-cı ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin komendantı və SSRİ DİN Baş İdarəsinin burada dislokasiya olunmuş daxili qoşunlarının komandan müavini general-mayor Henrix Malyuşkinlə eksklüziv müsahibə. General-mayor hazırda Moskvada yaşayır.

- Henrix Aleksandroviç, əvvəlldən başlayaq. 1990-cı il...Sizi xidmət üzrə Dağlıq Qarabağa göndərirlər. Siz orada nə ilə qarşılaşdınız?

- İş ondadır ki, Dağlıq Qarabağ laylı piroqu xatırladır - erməni məskənləri, azərbaycanlıların məskənləri... Buna görə, bir əhalinin avtobuslarla bütün ərazi üzrə hərəkətini təmin etməyə, hücum hallarında onları, həmçinin, çobanlar tərəfindən dağ otlaqlarına qaldırılan qoyun sürülərini müşayiət etməyə məcbur olurduq. Ermənilər tərəfindən bu otlaqlara hücum halları olub. 1990-cı il iyunun 21-də Azərbaycanın Laçın rayonunun yüksək dağlıq kəndlərindən birinin sakinləri günahsız qurbanlar oldular. Qoyun sürüsünü otaran ata və yeniyətmə oğul maskalı erməni yaraqlıları tərəfindən yaxın məsafədən atəş açmaqla güllələnmişdilər. Qatillər qurbanların qulaqlarını kəsmiş, dillərini qoparmış və gözlərini oymuşdular. Bax, belə qeyri-insanı istehzalar olub. Bu zaman örtülü yerdə gizlənən çobanın ikinci oğlu qeyri-iradi bu hadisənin iştirakçısı olub. O zaman Təşkilati Komitənin sədri Polyaniçko Viktor Pavloviç olub. O da sonradan erməni yaraqlıları tərəfindən maşında güllələnib. Beləliklə, biz onunla faciə yerinə gəldikdə, həlak olanların doğmaları və yaxınlarına, həmkəndlilərinə nəyə görə onların dinc dövrdə , öz evlərinin kandarında qətlə yetirildiyini izah etmək çətin idi. Bir neçə gündən sonra mən bu hərəkəti edənlərlə görüşdüm. Ermənistan və Azərbaycan arasında sərhəddə, Kəlbəcər rayonunda daxili qoşunların zastavalarını yoxlayarkən, erməni yaraqlılarının "Oktyabrski" sovxozundan böyük bir qoyun sürüsünü aparması haqqında siqnal aldım. Biz Ermənistanın Vardanis rayonunun hakimiyyət orqanları vasitəsilə erməni yaraqlılarını bu sürünü geri qaytarmağa məcbur etmək qərarına gəldik. İlkin olaraq öz kanallarıma erməni yaraqlıları ilə ermənilərin məskunlaşdığı Zod qəsəbəsinin kənarında danışıqlar haqqında şərtləşdim. Uçub görüş yerinə yaxınlaşarkən gördüm ki, bizim vertolyotu bu rayonda atəşə hazırlaşan 20-dən çox silahlı qarşılayır. Mən qərara gəldim ki, yaraqlıların yanına özüm tək gedim. Ekipaj salonda qaldı. Özümü təqdim edərək, tələb etdim ki, məni rayon rəisinin yanına aparsınlar. Lakin mənə dedilər ki, rayon rəhbərliyi sonra gələcək. Danışıqları aparmaq isə, hələ ki, silahlı qrupun nümayəndələrinə tapşırılıb. Bu nümayəndə özünü kapitan rütbəsində Valeri kimi təqdim etdi. Öyrəndim ki, mən qisasçılar dəstəsi ilə iş görməli olacam. Onlar özlərini məhz belə adlandırırdılar... Onlar dedilər ki, erməniləri Azərbaycan tərəfindən olan silahlı dəstələrdən müdafiə edirlər. Əslində isə, o zaman Azərbaycanın sərhəd rayonlarında heç bir silahlı dəstə olmayıb. Orada yalnız milis dəstələri olub. Erməni tərəfindən isə, hərbi birləşmələr, yaraqlılar olub. Onlar silah, döyüş sursatı ilə təchiz olunmuşdular, onlara yemək gətirirdilər, geyimləri isə qaydasına idi. Erməni yaraqlıları arasında döyüşmək üçün buraya digər ölkələrdən - əsasən, ərəb ölkələrində olan muzdlular var idi.

- Erməni yaraqlıları tərəfindən qətlə yetirilən qurbanlar arasında sizin bölmənin rus əsgərləri olubmu?

- Mənim Dağlıq Qarabağda olduğum müddətdə erməni yaraqlıları tərəfindən 30 hərbi qulluqçu öldürülüb, 200-dən çoxu isə, yaralanıb. Onlardan biri olan sıravi Sergey Mezençev Kələbəcərə gedən avtomobil karvanını müşayiət edib. Təqribən 20 nəfər erməni yaraqlısı onlara hücum edib və ordakı insanları, demək olar ki, tamamilə qırıblar. Üç azərbaycanlı ilə yanaşı, bizim sıravi Sergey Mezençev həlak olub. SSRİ prezidenti Mixail Qorbaçov hökumətlə birlikdə Dağlıq Qarabağda və Azərbaycanın qonşu rayonlarında erməni yaraqlıları tərəfindən rus əsgərlərinin qətlə yetirilməsi faktlarını səylə gizlədirdilər. Mən hökumətin öz xalqına qarşı amansız münasibətinə, sadəcə, təəccüblənirəm.

- Məlumdur ki, Ermənistan prezidenti Robert Köçəryan da Dağlıq Qarabağda döyüşüb. Sizdə bu haqda məlumat varmı?

- Robert Köçəryanın yaraqlı olması və döyüşməsi faktdır. Lakin Azərbaycan türklərinə qarşı qisas fikrinin əsas yayıcısı erməni yazıçısı Zori Balayan olub. O, çoxsaylı kitablar nəşr etdirib və onlardan birini öz imzası ilə Stepanakertdə,(Xankəndi - Trend - in qeydi) mənə təqdim edib. Burada o, Şuşada doğulmuş erməni təyyarəçisinin qəhrəmanlıqlarını təsvir edib.

- Zori Balayanın azərbaycanlılar haqqında nə danışdığını xatırlayırsınızmı?

- Gözəl xatırlayıram. Onun azərbaycanlılara qarşı zooloji nifrəti var idi. O, 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələri nəzərdə tutaraq deyirdi ki, öz vaxtında türklərin erməniləri öldürməsində, onları öz ərazilərindən qovmasında azərbaycanlılar günahkardır. Balayan bütün bu hadisələri bütün tarixin və hazırki vəziyyətin üzərinə qoyurdu ki, bu da anlaşılmaz idi. Türkiyəyə əl uzatmağa cəsarət edən bütün siyasi xadimlər mühakimə edilirdi. Onun bu mövzuda olan bütün kitabları 1915-ci ildə baş verən hadisələrə görə, azərbaycanlılara qarşı amansızlıq və qisas eşqi ilə zəngindir.

- Sizinfikrinizcə, tərəflərdən hansı müharibəyə hazır olub? Hansı tərəfdən daha çox banda birləşmələri, hücum təşəbbüsləri olub və hansı tərəf daha yaxşı silahlanıb?

- Əlbəttə ki, erməni bölmələri müharibəyə daha çox hazır olublar. Onlar formalaşdırılmış, qruplara bölünmüş, hərbi forma geyinmişdilər. Onlar bizim Ermənistan ərazisində yerləşən hərbi anbarlarımızı qarət etmək yolu ilə silah və döyüş sursatına malik olublar. Onlar ərzaqla təmin edilirdilər. Bundan əlavə, erməni hakimiyyəti bu banda birləşmələrini çox güclü şəkildə dəstəkləyirdi.

- Siz Qarabağda cəmi yarım il olmusunuz. Lakin sizinlə birlikdə oğullarınız da orada olub və döyüşüblər. Onlardan danışın.

- Onlar öz batalyonları ilə orada olublar. Axı onların orada bütöv bir birləşmələri - Stepanakertdə (Xankəndi - Trend -in qeydi) yerləşən Dzerjinski diviziyası və Ermənistan və Azərbaycan arasındakı sərhəddə qarnizonları olub. Mənin oğullarım daxili qoşun batalyonlarında xidmət ediblər; Andrey Krasnodar batalyonunda, Sergey isə, İvanovsk milis batalyonunda. Dağlıq Qarabağa İttifaqın müxtəlif yerlərindən qoşunlar göndərirdilər və bu batalyonlar bir-birini əvəz edirdilər.

- Hərbi əməliyyatlarda Azərbaycan tərəfdən kimlər iştirak edirdi? Yaraqlılar və ya könüllülər?

- Hansı yaraqlılar? Onlar sadə könüllülər olublar. Bəzi vaxtlarda isə, onlar heç olmayıblar. Təkcə erməni banda birləşmələri qalırdı.

-Hansı tərəfdən sərhədlərin pozulması, hücum halları çox olub?

- Əlbəttə ki, ermənilər tərəfdən. Onlar dəfələrlə Azərbaycanla sərhədi pozur, yerli yaşayış məskənlərinə daxil olmağa cəhd göstərir, insanları var-yoxdan çıxarır və öldürür, qoyun sürülərini qaçırır və s. hərəkətlər edirdilər. Qruplardan birini - təqribən 50 erməni yaraqlısını mən özüm daxili işlər polkovniki ilə birlikdə vertolyotda tərksilah etdim. Onlar bizim məsuliyyət daşıdığımız əraziyə daxil olmağa cəhd göstərirdilər və mən bu təhlükə haqqında məlumat aldıqdan sonra, xüsusi təyinatlılardan ibarət qrupla vertolyotla bu rayona gəldim. Erməni yaraqlıları heyvandarlıq fermasında gizlənərək, müdafiə üçün mülki əhalidən istifadə etdilər. Buna görə, biz atəş aça bilmədik - orada bu fermanı mal-qaranın qaçırılmasından mühafizə edən dinc insanlar var idi. Bu halda biz ermənilərə silahları təhvil verməyi təklif etdik. Onlar bir-bir çıxaraq silahları atmağa başladılar və mən onların hamısını buraxdım. Lakin buna görə, Bakıdan mənə erməniləri buraxdığıma, onları Bakıya təhvil vermədiyimə görə töhmət verdilər. Moskvadan isə, guya Ermənistan ərazisindəki erməni yaraqlılarını tərksilah etməyə cəsarət etdiyim üçün töhmət aldım. Əslində isə, söhbət Ermənistan deyil, Azərbaycan ərazisindən gedirdi. Özümü müdafiə etməli oldum.

- Sizə haradan məlum idi ki, erməni tərəfdən muzdlular döyüşür?

- Onları tərksilah etmək mümkün olduqda, biz onlarla hətta erməni dilini bilən tərcüməçi vasitəsilə danışmağa çalışırdıq. Lakin onlar heç bir şey anlamırdılar. Aydın görünürdü ki, onlar muzdlulardır. Əsasən də ərəblər. Xatırlayıram ki, biz təcürəbli əfqan müharibəsi iştirakçısı Koçelnikovun komandiri olduğu ekipajla birlikdə erməni məskənləri üzərindən uçarkən bizi atəşə tutdular. Bir güllə benzin bakını deşdi və benzin axmağa başladı. Biz yerə enməsəydik, partlaya bilərdik. Biz polkovniklə vertolyotdan çıxdıq və mən dəliyin harada olduğuna baxdım. Biz yanaşı dayanmışdıq ki, qəfildən polkovniki yaraladılar. Güllə onun əzələsini deşmişdi. Biz vertolyotun altına girdik və onun yarasını bağladım. Xoşbəxtlikdən, məndə tibbi paket var idi. Biz bu vertolyotla sərhədə uça bilməzdik. Zastavaya qayıtdıq, mən vertolyotu dəyişdim, sərhədə uçdum, burada isə bir əsgər erməni dilində bilirdi. O radist idi və mənə dedi ki, indicə zəng etmişdilər və generalı öldürdüklərindən danışırdılar. Söhbət məndən gedirdi, ermənilər elə düşünürdülər ki, mən ölmüşəm. Lakin hər şey yaxşı qurtardı. Lakin mənim yerimə gələn - Azərbaycan rəhbərliyinin nümayəndələri, o cümlədən baş prokurorla birlikdə uçan general Merzlikini və 27 nəfəri ermənilər qətlə yetirdilər. Bu 1991-ci ilin noyabrında Qarabağda baş verən faicəvi hadisədir.

-, Qarabağ haqqında xatirələrinizi, memuarlarınızın nəşrinə nə vaxtdan başladınız?

- Təxminən 1993-94-cü illərdən. Bunlar "Pravda", "Pravda Rossii", "Moskovskaya pravda", "Şit və meç", "Krasnaya zvezda" qəzetləri və "Na boevom postu" jurnalı idi.

- O dövrün mətbuatında erməniyönlü əhval-ruhiyyə və Qarabağ münaqişəsinin birtərəfli işıqlandırılmasını nəzərə alaraq, sizə Rusiya mətbuatında maneəsiz çap olunmaq müyəssər olurdumu? Axı siz həqiqəti yazırdınız...

- Bəli, mən hərbçiyəm və mənə bunu etmək mümkün olurdu. Lakin sizə deməliyəm ki, bu məsələdə Qorbaçov və bütün hökumətin mövqeyi çox çirkin idi. Əslində müharibə olan azərbaycanlı-erməni ədavəti başlayanda, hökumət nümayəndələrindən heç kim bura rayona uçmadı. Onlar Tsxinvaliyə, Fərqanəyə, heç bir yerə uçmadılar. Fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında bütün fərmanlar isə, əməli olaraq qırğını dayandırmaq mümkün olmayanda, böyük gecikmələrlə verilirdi. Vaxtında verilən fərmanlar bizə çox lazım və vacib idi. Belə ki, onlar bizə yaraqlıları və orada qan tökən hər bir kəsi saxlamaq, həbs etmək üçün əsas verirdi.

- Belə çıxır ki, sovet rəhbərliyinin fəaliyyətsizliyinə görə, insanların taleyini - tərksilah etmək, buraxmaq, və s. siz özünüz həll edirdiniz?

- Bəli, demək olar ki, məhz belə olub. Buna görə, mən həbs edə bilmirdim. Belə ki, bunun üçün hüquqi əsas yox idi.

- Yəqin ki, siz dəfələrlə tərəfinizdən saxlanılan erməni yaraqlıları ilə söhbət etmisiniz. Onlar niyə və nəyə görə, əllərinə silah aldıqlarını necə izah edirdilər? Onlar nə istəyirdilər, nəyə nail olurdular?

- Etiraf etməliyəm ki, onların çoxu pula görə döyüşürdülər. Onlar özləri də bunu gizləmirdilər. Onlara yaxşı pul verir, pulsuz yedizdirir, geyindirirdilər və onları bu düşmənçiliyə ruhlandıranlar Zori Balayan kimi yazıçılar olub. Məhz onlar yerli əhali və yaraqlıları azərbaycanılara qarşı qaldırırdılar.

- 20 il ötüb və bu münaqişə hələ də həll olunmayıb. Sizcə, onu hansı yolla həll etmək olar? Bütün baş verənlərdən sonra, azərbaycanlılarla ermənilər arasında sülh abstrakt bir anlayışdır və ya o mümkündür?

- Yüz minlərlə günahsız insan zərər çəkib. Azərbaycanlılar öz doğma torpaqlarında, evlərindən qaçmağa məcbur olublar. Qarabağda azərbaycanlıları sıxışdırırdılar. Güman edirəm ki, bu problemin həll yolu dinc danışıqlardır. 2004-cü il noyabrın 15-də Moskvada, Slavyansk meydanındakı mitinqdə, mən bu məsələ ilə əlaqədar çıxış etdim və hadisələri normal axına yalnız dinc yolla qaytarmağın mümkün olduğunu qeyd etdim. Başqa yol yoxdur, yoxsa, yenidən dinc insanlar əziyyət çəkəcəklər. Bununla yanaşı, Qarabağın erməni əhalisi də silahlanmamışdı. O, elə bu yaraqlıların - erməni yaraqlıları və muzdluların siyasətinin əsiri olmuşdular. Yerli əhali müxtəlif təxribatlara məruz qalır. Erməni və azərbaycanlılar arasında düşmənçilik toxumu səpmək üçün kənardan təxribatlar çox idi. Yeri gəlmişkən deyim ki, mənə hər iki tərəfin rəhbərləri ilə söhbət etmək müyəssər olub. Onlar problemi dinc yolla həll etməyin lehinə olublar. Lakin əks istiqamətdə maraqlı olan hansısa qüvvələr silahlı toqquşmaların davam etməsinə təşviq edirdilər.

- Zori Balayandan başqa daha kim vəziyyəti daha da dərinləşdirmək və erməni və azərbaycanlılar arasında müharibəni qaçılmaz etməyə xüsusi fəallıq göstərirdi?

- Robert Köçəryan. Bəli, məhz o. O, banda birləşmələrinin komandanı idi. O, dəstələrə başçılıq edirdi və bu hadisələr məhz onun rəhbərliyi altında baş verirdi. Haqqında və o dövrdəki fəaliyyəti haqqında çox eşitsəm də, mənə onunla görüşmək müyəssər olmayıb. Erməni yaraqlıları hətta daxili qoşunların yerdəyişmələrinə yardım edən, yerli əhalidən olan öz ermənilərinə qarşı da qırğınlar törədirdilər. 1990-cı il iyulun 14-də Martuni rayonunda bir ermənin evinin partladılması və s. faktlar məlumdur. Müəyyən vaxtdan sonra, Stepanakertdəki (Xankəndi - qeyd Trend ) radiomərkəz, mənim artıq danışdığım Təşkilat Komitəsi üzvlərinin yerləşdiyi stansiyalardakı yataq vaqonları partladıldı. Bir müddət sonra, erməni yaraqlıları tərəfindən Tbilisi-Ağdam reysini həyata keçirən şəhərlərarası avtobus partladıldı. 24 sərnişinin hamısı həlak oldu.

- Hansı fakt erməni yaraqlılarının yaxşı silahlanmasına dəlalət edə bilər?

- Xatırlayıram, Qazaxın Yuxarı Əskipara kəndinin azərbaycanlı sakinləri, erməni toplarından atəşə tutulmuşdular və biz dinc əhalini xilas etmək üçün zirehli transportyorlarla bu kəndə daxil olurduq. Bu göstərirdi ki, artıq 1990-cı ildə ermənilərin çoxsaylı ağır, o cümlədən müxtəlif texnikası olub. Erməni yaraqlıları tez-tez hücum edərək bizim anbarları qarət edir, silahları oğurlayırdılar. Onlar çox yaxşı silahlanmışdılar, demək olar ki, hamıda avtomat var idi. Sonuncu sovet, rus qoşunları Qarabağdan 1992-ci il fevralın 29-da çıxarıldılar və artıq martın 1-də onlar orada yox idilər.

- Bu müharibədən ən çox zərər çəkən kim olub?

- Bilirsinizmi, bu müharibədən ən çox azərbaycanlılar əziyyət çəkiblər. Bütün bunlar mənim gözlərim önündə baş verib, buna görə də mən əsassız danışmıram. Azərbaycanlıların, minlərlə və minlərlə günahsız insanın qanı mənim gözlərim önündə axıdılıb. Yüzlərlə insan erməni yaraqlıları tərəfindən vəhşiliklə qətlə yetirilib, yüzminlərlə və yüzminlərlə insan öz torpaqlarından - Dağlıq Qarabağdan qaçmağa məcbur oldu. Buna görə də, azərbaycanlılar üçün mənə çox çətindir, mən azərbaycanlılara görə, çox narahatlıq keçirirdim.

- Sizin azərbaycanlı dostlarınız qalıbmı?

- Yəqin ki. Lakin mən Azərbaycanda olmamışam. Bakıda sonuncu dəfə 1991-ci ildə, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Soyun Sadıqovla birlikdə olmuşam. Mən məmnuniyyətlə bir daha ora gedərdim.

- Siz Qarabağ haqqında daha nə isə yazmaq istəyirsinizmi?

- Mən "Şapka Karabaxa" kitabını hazırlamışam. Bu işdə mənə Rusiya azərbaycanlılarının FMMM-i dəstək göstərir. Onun nəşri haqqında məsələ yaxın bir-iki gündə həll ediləcək.

Xəbər lenti

Xəbər lenti