Rusiya, Moskva, 01 avqust/ Trend , müxbir R.Ağayev/ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair cümə günü Moskvada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında keçirilən danışıqlar konstruktiv olub. ATƏT-in Minsk Qrupunun həmsədrləri belə hesab edirlər.
"Biz irəli gedir və əlimizdən gələn hər bir şeyi edirik. Hələ ki bunun nə dərəcədə irəliləyiş olub-olmadığını demək olmaz. Lakin danışıqlar konstruktiv keçir və bu çox vacib irəliləyişdir", - ABŞ-dan olan həmsədr Metyu Brayza cümə günü brifinqdə çıxışı zamanı bildirib.
"Mən yalnız xarici işlər nazirlərinin sözlərini təkrarlaya bilərəm. Onlar bildiriblər ki, görüş konstruktiv xarakter daşıyıb və bizdə - həmsədrlərdə belə təəssürat var ki, hər iki nazir görüşün nəticələrindən razı qalıblar", - Rusiyadan olan həmsədr Yuri Merzlyakov bildirib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə baza prinsiplərini müzakirə etmək üçün cümə günü Moskvada görüşüblər.
Onun sözlərinə görə, mətbuatın Minsk Qrupuna münasibəti birmənalı deyil, "bizim qeyri-fəallığımız barədə danışmağa dəyməz; bu, son üç ay ərzində nazirlərin üçüncü görüşüdür və artıq prezidentlərin görüşü, bizim regiona səfərimiz baş tutub. Daha aktiv olmaq olmaz", - o qeyd edib.
"Düşünürəm ki, kəmiyyət keyfiyyətə çevriləcək. Bu baş verəcək. Lakin ən çətini müvəqqəti proqnozlar verməkdir və biz bunu etməyəcəyik", - Merzlyakov bildirib. Öz növbəsində, fransalı həmsədr Bernard Fasye qeyd edib ki, nazirlərin Minsk Qrupunun Madriddə təqdim etdikləri ötənilki təkliflər əsasında müzakirələr aparmaları aktiv işin real olduğunu nümayiş etdirir. Brayza qeyd edib ki, əhval-ruhiyyə konstruktivdir və bu o deməkdir ki, tərəflər sülhə yaxınlaşırlar. "Tərəflər bunun üçün siyasi iradə göstərərlərsə, güzəşt mümkündür. Ölkələrin nazir və prezientləri bir-birinə qarşı normal münasibət bəsləyirlər və danışıqlar davam edəcək", - o əlavə edib.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 - cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]