...

Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması üçün Ermənistan qoşunları Azərbaycan ərazilərini azad etməlidir-XİN başçısı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2008 19:47 (UTC +04:00)

Azərbayan, Bakı, 02 oktyabr/ Trend ,müxbir İ.Əlizadə/ Rəsmi Bakı hesab edir ki, Cənubi Qafqaz bölgəsində davamlı sülhün və sabitliyin təmin edilməsi üçün Azərbaycanın Ermənistan tərəfindən işğal olunan əraziləri təcavüzkar qoşunlardan azad edilməlidir. "Bölgədə sülhə və sabitliyə nail olmaq üçün, eyni zamanda məcburi köçkünlərin öz torpaqlarına qaytarılması və həmin ərazilərin infrastrukturunun bərpa edilməsinin vacibdir", bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı Norveç Krallığının xarici işlər nazirinin müavini Raymond Yohansenlə görüşündə bildirib. Məlumatı XİN mətbuat xidməti yayıb.

Trend - un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992 -1993 - cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994 - cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Məmmədyarov qeyd edib ki, Ermənistanın təcavüzkar siyasəti bütün regionun inkişafına zərbə vurur və problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi mümkündür.

Cənubi Qafqaz regionunda baş verən proseslərə toxunan Raymond Yohansen Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının vacibliyini vurğulayıb.

Yohansen hazırki səfəri çərçivəsində Azərbaycanla Norveç arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, xüsusən informasiya texnologiyaları və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün danışıqların aparılacağını, həmçinin, XİN-in Diplomatik Akademiyasında görüş keçirəcəyini qeyd edib.

Görüş zamanı tərəflər iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsindən, xüsusən də enerji sahəsində əməkdaşlıqdan razılıqlarını ifadə ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti