...

Ekspertlərin əksəriyyəti Rusiyanın Ermənistana silah tədarükü həyata keçirdiyini hesab edirlər - SORĞU

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Yanvar 2009 21:06 (UTC +04:00)
Ekspertlərin əksəriyyəti Rusiyanın Ermənistana silah tədarükü həyata keçirdiyini hesab edirlər - SORĞU

Azərbaycan, Bakı, 14 yanvar/ Trend , müxbir E.Tariverdiyeva/ Bu günlərdə bir sıra  kütləvi infqrmasiya vasitələri Rusiyanın Ermənistana RF-nin Gümrüdəki 102 - ci hərbi bazasından təxmini dəyəri 800 mln. dollar olan silah və hərbi texnika verməsi barədə məlumat yayıb.

Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov bazar ertəsi respublikanın Xarici İşlər Nazirliyinə çağırılıb. Çərşənbə günü RF-nin Müdafiə Naziliyindən İrəvana 800 mln. dollarlıq Rusiya silahının tədarükü barədə KİV-in məlumatını təkzib ediblər.

-- RF - nin Ermənistana silah və hərbi texnika verməsi barədə informasiyaya münasibətiniz necədir?

Trend - un müxbirləri ekspert və politoloqlara bu sualla müraciət ediblər.

Asim Mollazadə - Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, parlamentin deputatı:

- Rusiya Müdafiə Nazirliyinin verdiyi təkzib, Ermənistanda yerləşən ikinci Rusiya kontingenti rəhbərliyinin  bəyanatı ilə ziddiyət doğurur. Bu kontingentin rəhbərliyi bəyan edib ki, ikitərəfli razılaşmalara əsasən, silah verilib. Bu silahın siyahısı, yəni tank, ZTR, artilleriya qurğularının konkret sayı göstərilirdi.

Burada yeni heç bir şey yoxdur. 90 - cı illərin əvvəlində silahın qanunsuz verilməsi baş tutub və rəsmi orqanlara bu barədə heç bir şey məlum olmayıb. Bu gün vəziyyət təkrarlanır. Rusiya, həqiqətən də, Ermənistanı silahlandırır, bu gün Rusiya onu öz hərbi bazasına çevirib. Və bu, Rusiyanın regionda ən başlıca silahıdır.

Bu gün Ermənistanın siyasəti regionda inkişafın qarşısını alan başlıca amildir. Rusiya, bir tərəfdən, Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım edir, digər tərəfdən, münaqişə tərəflərindən birini silahlandırır.

Düşünürəm ki, Azərbaycan beynəlxalq təşkilatlarda və ilk növbədə, ATƏT- də bu məsələni qaldırmalıdır.

Svante Kornell - Amerikanın Qafqaz İnstitutunun araşdırmalar üzrə direktoru:

- Silah tədarükü bir daha sübut edir ki, Rusiya Ermənistanın müttəfiqidir. Bu,  yeni xəbər deyil; onlar tarixən  müxtəlif sahələrdə əməkdaşlıq ediblər. 90 - cı illərdə Rusiya artıq Ermənistana 1 mlrd. dollar məbləğində silah tədarük edib. Bəzən Rusiya Dağlıq Qarabağ problemini nizamlamaq imkanı ilə Azərbaycanı öz tərəfinə çəkmək istəyir.

Dəqiq başa düşmək lazımdır ki, Rusiyanın Ermənistanda çox böyük sərmayələri var və Kreml Cənubi Qafqazda erməniyönlü siyasət aparır. Ermənistana silah tədarükü faktı təsdiqlənərsə, Azərbaycan Rusiya ilə münasibətlərinə yenidən baxmağa məcbur olacaq.

Gennadi Qudkov - RF Dövlət Dumasının deputatı, RF DD Təhlükəsizlik Komitəsinin sədr müavini:

- Bu, anti-Rusiya kartını oynamaq cəhdidir. Rusiya XİN və Müdafiə Nazirliyinin mövqeyini dəqiq deyə bilərəm. Biz bu məsələdə neytral mövqe tuturuq. Hətta Rusiya qoşun qruplaşmasının Gürcüstandan çıxarılması məsələsi həll olunarkən və çoxları silah və texnikanın Ermənistana yönəldiləcəyi barədə danışanda, bu baş vermədi. Rusiya münaqişə tərəfləri - Ermənistan və Azərbaycanın saziş əldə edəcəklərini gözləyir və ölkə hər iki respublikaya bu sazişin zəmanətini təmin etməyə hazır olacaq.

Rusiya heç zaman Azərbaycanın təhlükəsizliyi zərərinə Ermənistana xüsusi silah tədarükünə getməyəcək və əksinə; Rusiya Zaqafqaziya regionunda gərginliyin saxlanılmasında, xüsusilə də iki keçmiş qardaş ölkə arasında hərbi toqquşmanın təkrarlanmasında hər şeydən az maraqlıdır.

Düşünürəm ki, bu, şayiədir. Lakin düşünmürəm ki, o, təsadüfən meydana çıxıb. İnformasiya məkanında belə şayiələr müntəzəm olaraq yayılıb və mənə elə gəlir ki, indi bu, Rusiya - Azərbaycan münasibətlərini çətinləşdirməyə növbəti cəhddir. Düşünürəm ki, belə ölkələrimiz arasında münasibətlərin pisləşməsini təhrik etmək cəhdləri davam edəcək. Lakin lazımi müqavimət göstərərək və Azərbaycanla Rusiya arasında münasibətlərin dəyişməz inkişaf kursunu saxlayaraq, buna sakit yanaşmaq lazımdır.

Tofiq Abbasov - Azərbaycanın Lider media-holdinqinin analitik qrupunun eksperti:


- Rusiya səfirinin Azərbaycan XİN - ə  növbədənkənar səfəri səbəbsiz deyil. Rusiya tərəfinin qəflətən yaxalanması və Dağlıq Qarabağ münaqişəsinin həllində son nöqtənin hələ qoyulmadığı vaxtda "dövlətlərarası saziş" pərdəsi arxasında gizlənməsi Moskva və İran arasında baş tutmuş yeni sazişin təsdiqdir. Bu halda Moskva İrəvanı yenidən Avropada Adi Silahların Məhdudlaşdırılması haqqında Müqaviləni (AASMM) yenidən kobud şəkildə pozmağa, eləcə də BMT-nin müvafiq aktları ilə müəyyən edilmiş silahlanma kvotalarına etinasız yanaşmağa təhrik edib.

Bu hadisəni postsovet məkanı hüdudunda müəyyənedici qüvvə qismində təsdiqlənməyə can atan Rusiyanın sonuncu sülhməramlı təşəbbüsləri kontekstində nəzərdən keçirmək lazımdır.

Hansı bəhanə altında həyata keçirilirsə - keçirilsin, Rusiyanın Ermənistana qaranlıq silah tədarüklərinin əməkdaşlıq haqqında Azərbaycan-Rusiya sazişlərinin taleyinə mənfi təsiri olacaq, eləcə də Bakını enerji, nəqliyyat və telekommunikasiya sektoru ilə əlaqələndirilən gözləmələr fonunda, perspektivə baxışlarını yenidən nəzərdən keçirməyə məcbur edəcək.

- Sergey Markov - RF Dövlət Dumasının deputatı, Siyasi Araşdırmalar İnstitutunun direktoru:

- Güman edirəm ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə daha uğurla həll edilə bilər. İş ondadır ki, sülh çərçivəsində Azərbaycan Ermənistandan xeyli güclüdür.

Əlbəttə, Rusiya silahının verilməsi Rusiya-Azərbaycan münasibətlərinə mənfilik gətirəcək. Məndə bir müddət əvvəl Rusiya silahının Ermənistana verilməsi barədə təfərrüatlı məlumat yoxdur. Lakin bu hadisə qeyri - adi deyil. Biz gözəl bilirik ki, Rusiya hansısa öhdəliklərini yerinə yetirərək, dəfələrlə Ermənistana silah verib.

Sənan Oqan, Türkiyənin TÜRKSAM Araşdırma Mərkəzinin direktoru:

- Rusiyanın Ermənistanı silahlandırması xəbər deyil. Rusiyanın yalnız Ermənistanı deyil, məsələn yunan Kiprini silahlandırması barədə faktlar çoxdur.

İndi bu fakt xüsusilə təhlükəlidir. Belə ki, Gürcüstanda avqust hadisələrindən sonra bu regionda balansı poza bilər. Nəzərə almaq lazımdır ki, Ermənistan və Azərbaycan arasında hərbi barışıq haqqında saziş imzalanıb - bu, onların arasında həqiqətən də sülhün mövcud olması demək deyil.

Rusiya Qərbin Gürcüstanı silahlandırmasının əleyhinə olsa da, indi Moskva özü Qafqaza qarşı belə siyasət aparır. Bu fakt Türkiyənin regionda sülhə olan ümidlərini məhv edir.

Rəşad Rzaquliyev, Azərbaycanın Sosial Araşdırmalar Fondunun prezidenti:

- Şübhəsiz, Rusiyanın Ermənistana 800 mln. dollar məbləğində silah və döyüş sursatı verməsi Azərbaycan üçün çox xoşagəlməz faktdır. Lakin buradan müəyyən nəticələr çıxartmaq olar. Rusiya regionda hərbi iştirakını artıracaq və bununla da az nümayişkəranə olmayan Amerika-Gürcüstan sazişinə nümayişkəranə şəkildə cavab verəcək. Rusiya və ABŞ - ın regionda qarşıdurması bizə hələ çox sürpriz gətirəcək.

Baş verənlər Azərbaycanı tam həcmdə milli təhlükəsizlik formatının təmin edilməsi üçün bütün siyasi - diplomatik potensialından istifadə etməyə imkanv erir. Düşünmürəm ki, üfüqdə Azərbaycan - Rusiya münasibətlərinin birdən - birə pisləşməsi görünür. Lakin, şübhəsiz, nə isə bir gərginlik meydana çıxıb. Buna isə yalnız təəssüf etmək lazım gəlir.

Məqalənin yazılmasında R.Ağayev (Moskva), R.Hafizoğlu, B.Həsənov (Bakı) iştirak ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti