Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımı ilə bağlı tədbirlər planı hazırlayıb.
Heydər Əliyev Fondu ilə birgə təşkil olunmuş tədbirlər palnına əsasən, fevralın 26-da Ankaranın Keçiörən Bələdiyyəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunacaq, Gazi Universiteti ilə birlikdə Universitetin "Memar Kəmaləddin" salonunda "Sözün bitdiyi yer" adlı anım tədbiri həyata keçiriləcək. Bu barədə cümə axşamı Trend -a səfirlikdən məlumat verilib.
Tədbirin sonunda Heydər Əliyev Fondunun hazırladığı Xocalı soyqırımını əks etdirən film nümayiş etdiriləcək, İslam Konfransı Gənclər Forumunun irəli sürdüyü "Xocalıya Ədalət" beynəlxalq kampaniyası üçün açılan www.justiceforkhojaly.org saytı təqdim ediləcək.
Səfirliyin dəstəyilə Türkiyənin müxtəlif bölgələrində təhsil alan tələbələrin iştirakı ilə də anım tədbirləri həyata keçiriləcək. Tələbələrə səfirlik tərəfindən CD-lər, fotolar, ədəbiyyat, broşürlər, "Xocalı və onun dəhşətləri" adlı bukletlər təqdim olunacaq.
Trend -un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Azərbaycan hökuməti Xocalı soyqırımı ilə bağlı Ermənistan dövlətinin Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa məhkəməsi) verilməsini araşdırır, - Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov öncə Trend -a bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]