...

Rusiya, Türkiyə və ABŞ-ın aktivləşməsinin Dağlıq Qarabağ probleminin həllinə müsbət təsiri olacaq - sabiq nazir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 May 2009 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir R.Hafizoğlu /

Türkiyənin sabiq xarici işlər naziri hesab edir ki, son vaxtlar Rusiya, Türkiyə və ABŞ-ın aktivləşməsinin Dağlıq Qarabağ probleminin həllinə müsbət təsiri olacaq.

"Son zamanlar dünyada bu problemin həlli istiqamətində maraq olduğunu görürəm. ABŞ, Rusiya və Türkiyənin, o cümlədən beynəlxalq təşkilatların vasitəçiliyi ilə bu problem öz həllini tapacaq", - Trend -un məlumatına görə, çərşənbə axşamı jurnalistlərə Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin bildirib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Çətin deyib ki, Minsk Qrupu hələ də bu problemin həlli istiqamətində önəmli addım atmayıb. Hesab edirəm ki, bu problem Ermənistan-Azərbaycan dialoqu vasitəsi ilə həll edilə bilər.

"Azərbaycan Prezidenti Praqada Ermənistan prezidenti ilə görüşəcək. Xarici işlər nazirləri isə Vaşinqtonda görüşəcəklər. Bu görüşlər zamanı aparılacaq müzakirələrin problemin həllinə təsir edəcəyinə inanıram", - sabiq xarici işlər naziri əlavə edib.

Onun fikrincə, problemin bu günə qədər həll olunmamasının ən böyük ziyanı Ermənistana dəyib. 

"Ermənistan bölgədə olan bir çox iqtisadi layihələrdən kənarda qalıb. Bu problemin həlli bütün region və xüsusən Ermənistan üçün önəmlidir və erməni rəsmilər bunu bilməlidirlər", - diplomat deyib.

Çətin bildirib ki, problemin həlli üçün Rusiyanın da müdaxiləsinə ehtiyac var. "Mən Rusiyanın xarici siyasətində də bu problemin həlli istiqamətində müsbət dəyişikliklərin olduğunu görürəm. Hesab edirəm ki, Rusiya da bu problemin həlli istiqamətində müsbət addım atacaq", - sabiq xarici işlər naziri əlavə edib.

Çətin onu da qeyd edib ki, Türkiyə heç vaxt Azərbaycanın maraqlarına zidd qərar qəbul edə bilməz: "Bu məsələdə bir çox anlaşılmazlıqlar olub. Amma azərbaycanlı qardaşlarımız əmin olsun ki, Türkiyə heç vaxt Azərbaycanın maraq dairəsindən kənar addım atmaz".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti