Qazaxıstan, Astana, 01iyul / Trend , müxbir K.Konırova /
Astana yalnız Ərəb-İsrail deyil, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dialoq meydançası ola bilər. Bu barədə bu gün, ənənəvi və dünyəvi dinlərin liderlərinin III qurultayının kuluarlarında Trend -un xüsusi müxbirinə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.
- Hörmətli Şeyxülislam, bu gün İsrail Prezidenti Şimon Peres öz çıxışında bildirdi ki, Astana maraqlı tərəflərin Ərəb-İsrail münaqişəsinin həlli üçün görüş yeri ola bilər. Bu təklifi necə dəyərləndirirsiniz?
- Qazaxıstan bu cür münaqişələrin nəzərdən keçirilməsi üçün beynəlxalq arenaya birinci dəfə deyil ki, çevrilir və biz bilirik ki, Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həllində fəallıq nümayiş etdirib. Sizin ölkənin Prezidenti Nursultan Nazarbayev xüsusilə türk dünyasında layiqli hörmətə malikdir. Biz onu ağsaqqal hesab edirik. Onun bizim Prezident İlham Əliyevlə, başlanğıcını onun atası Heydər Əliyevdən götürən isti dostluq münasibətləri bağlayır və biz çox istərdik ki, Ərəb-İsrail münaqişəsinin həlli ilə yanaşı, Astanada Dağlıq Qarabağ münaqişəsi də nəzərdən keçirilsin. Buna görə də sizin ölkəyə çox minnətdar olardıq.
- İsrailin Baş Aşkenaz ravvini Yona Mesqer bu gün qurultayda çıxış edərkən təklif edib ki, münaqişə zonalarında hərbi əsirlərin yanına onların mənsub olduqları dinin ruhaniləri buraxılsın və tutulan hərbi əsirlər haqqında informasiya onların qohumlarına çatdırılsın. Ravvinin təkliflərinə münasibətiniz necədir?
- Biz yəhudi ravvinin müxtəlif dinlərin ruhanilərinin eyni dindən olan hərbi əsirlərin yanına, münaqişə zonasına buraxılmasına imkan yaradılması haqqında təklifini dəstəkləyirik. Bir neçə görüş zamanı mən bu məsələni erməni apostol kilsəsinin sabiq patriarxı Vazgen və yeni patriarxla müzakirə etmişəm. Hətta o zaman Azərbaycandan iki əsir də buraxılmışdı. Ancaq təəssüf ki, Ermənistan tərəfindən cavab addımı atılmadı. Biz söz veririksə, onu yerinə yetiririk və qarşı tərəfin də eyni addımı atmasını istəyirik. Mən bu məsələni erməni tərəfi ilə yenidən müzakirə etməyə hazıram.
- Azərbaycanda tolerantlığın səviyyəsini necə qiymətləndirirsiniz?
- Azərbaycan Qazaxıstan kimi çox tolerant ölkədir. Biz hamımız dostluq və razılıq şəraitində yaşayırıq. Kilsədə damdan su damanda bizə zəng edirlər və biz həmişə köməyə gəlirik. Məsciddə nəsə baş verəndə sinaqoq da, kilsə də bizə kömək edir. Yalnız Azərbaycanda sünni və şiələrin birlikdə dua etdiyi, yəhudilərin isə müsəlman məscidinə rahat daxil olduğu mənzərəni görmək mümkündür. Bizim xalq dini mənsubiyyətinə fərq qoymadan hamını qəbul edir. Azərbaycanda çox böyük yəhudi və rus diasporları var və bizim ölkədə heç kim heç kimi sıxışdırmır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]