...

Gürcüstanda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2010 10:49 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin hüquqi qiymətləndirilməsi siyasəti olmadan münaqişənin həlli mümkün olmayacaq. Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev belə hesab edir.
Gürcüstanda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib (FOTO)

Gürcüstan, Tbilisi, 25 fevral / Trend , müxbir C.Babayeva/

Dağlıq Qarabağ münaqişəsinin hüquqi qiymətləndirilməsi siyasəti olmadan münaqişənin həlli mümkün olmayacaq. Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev belə hesab edir.

"Dünya təcavüzkarın kim olduğunu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nədən başlamağın lazım gəldiyini, Xocalı faciəsində kimin günahkar olduğunu bilməlidir. Dağlıq Qarabağ münaqişəsinin hüquqi qiymətləndirilməsi siyasəti olmadan onun həlli sadəcə mümkün olmayacaq. Xocalı faciəsindən sonra çox şey dəyişib. Lakin Azərbaycan torpaqlarının 20 faiz işğalı davam edir. Azərbaycanda bir milyon qaçqın var və faktiki olaraq ölkədə hər səkkizinci adam qaçqındır",- səfir çərşənbə günü Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrında Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

O bildirib ki, Gürcüstanda "Xocalıya ədalət" kampaniyasına start verilib.

"Bu kampaniya bir neçə ildir ki, İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə davam edir. Kampaniya dünyanın bir çox ölkələrində çox uğurla həyata keçirilir. Bu il Gürcüstanda da kampaniyaya start verilib. İmza toplanışı kampaniyası və www.justiceforkhojaly.ge rəsmi veb-saytının təqdimatı keçirilib. Ümidvaram ki, bizim səylərimiz Xocalı haqqında obyektiv və düzgün informasiyanın dünyaya çatdırılmasına yardım göstərəcək",-Əliyev bildirib.

Regionda münaqişələrin əvəzində barış və qardaşlıq hökm sürməlidir. Bu barədə çərşənbə günü Tbilisidə Türkiyə səfiri Ləvənt Murat Burhan bildirib.

"Bizim regionda Xocalı kimi faciələrə yer olmamalıdır", - səfir vurğulayıb. "Xocalı hadisəsi böyük faciədir. Bu günlərdə biz dost və qardaş Azərbaycan xalqının kədərinə şərik oluruq. Bizim regionda münaqişələrin əvəzinə barış, qardaşlıq və dostluq hökm sürməlidir", - türkiyəli diplomat qeyd edib.

"Türkiyə regionda sülhün və sabitliyin tərəfdarıdır və bu istiqamətdə fəaliyyət göstərir. Biz istəyirik ki, region ölkələri sülhün və sabitliyin təminatında maraqlı olsunlar", - Burhan bildirib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı birləşmələri Xankəndidə yerləşən (o zaman Stepanakert adlanıb) sovet qoşunlarının 366-cı motoatıcı alayı ilə birgə hər tərəfdən mühasirəyə alınmış Xocalı şəhərini bütün növ artilleriya sistemindən atəşə tutublar, sonra isə Dağlıq Qarabağda Xankəndinin 23 km.-də yerləşən bu şəhəri işğal ediblər.

Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 26-da yeddiminlik əhalisi olan Xocalı şəhərində soyqırım aktını həyata keçiriblər. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalının işğalı zamanı şəhərdə üç minə yaxın adam qalıb. Dörd aydan çox davam edən blokada ilə əlaqədar əhalinin əksəriyyəti şəhəri tərk etməli olub. Soyqırım zamanı Xocalıda 600-dan çox adam öldürülüb, 1000 nəfər aldığı yara nəticəsində əlilə çevrilib. 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib. Faciə gecəsi 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərinin taleyi indiyədək məlum deyil.

Xəbər lenti

Xəbər lenti