...

Ermənistan KİV-in Jerar Depardyenin Dağlıq Qarabağa səfəri haqqında məlumatı təsdiqini tapmayıb - səfirlik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Sentyabr 2010 18:52 (UTC +04:00)

Аzərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir S.Ağayeva/

Ermənistan kütləvi informasiya vasitələrinin (KİV) məşhur Fransa aktyoru Jerar Depardyenin Dağlıq Qarabağa səfəri haqqında məlumatı təsdiq olunmayıb.

Azərbaycanın Fransadakı səfirliyi bəzi araşdırmalardan sonra fransız aktyorun Dağlıq Qarabağa nəzərdə tutulmuş səfəri barədə heç bir dəlil əldə etməyib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bildirib.

Məşhur fransız aktyoru Jerar Depardye ilk dəfə bu il Ermənistan və Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan "Karot" III beynəlxalq festivalına gəlməyə söz verib. Bu barədə erməni KİV Ermənistan Mədəniyyətinin İnkişafı Fondunun prezidenti, "Karot" festivalının prezidenti Meso İgityana istinadən yazıb. Festivalın keçirilməsi sentyabrın 2-nə nəzərdə tutulub.

Azərbaycan Xarici İşlər Nazirliyi səfirliyə bu məlumata aydınlıq gətirməklə bağlı müraciət edib. Səfirliyin apardığı kiçik araşdırmalardan sonra Ermənistan KİV-in bu məlumatı öz təsdiqini tapmayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Azərbaycanın işğal olunmuş əraziləri, o cümlədən Dağlıq Qarabağa Azərbaycanın müvafiq icazəsi olmadan gələn əcnəbi şəxslər Azərbaycanda arzuolunmaz şəxs (persona non qrata) elan olunurlar.

Xəbər lenti

Xəbər lenti