...

Qazaxıstandakı Azərbaycan diasporu Astanadakı ATƏT sammiti iştirakçılarına Dağlıq Qarabağdan olan qaçqınların hüquqlarının bərpası ilə bağlı müraciət edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Oktyabr 2010 14:34 (UTC +04:00)
Qazaxıstandakı Azərbaycan Diaspor Təşkilatları İttifaqı Astanadakı ATƏT sammiti iştirakçılarına Dağlıq Qarabağdan olan qaçqınların hüquqlarının bərpası ilə bağlı müraciət edəcək.
Qazaxıstandakı Azərbaycan diasporu Astanadakı ATƏT sammiti iştirakçılarına Dağlıq Qarabağdan olan qaçqınların hüquqlarının bərpası ilə bağlı müraciət edəcək

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir M.Əliyev/

Qazaxıstandakı Azərbaycan Diaspor Təşkilatları İttifaqı Astanadakı ATƏT sammiti iştirakçılarına Dağlıq Qarabağdan olan qaçqınların hüquqlarının bərpası ilə bağlı müraciət edəcək. Bu barədə Trend-ə şənbə günü İttifaqın sədri Vidadi Salahov məlumat verib.

"Hazırda Azərbaycanın işğal olunmuş ərazilərindən olan on minədək qaçqın Qazaxıstanda yaşayır. Bu adamların torpaqlarının, evlərinin və digər əmlaklarının əllərindən alınmasına görə, Ermənistan hökuməti məsuliyyət daşıyır", - Salahov bildirir.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) dekabrın 1-2-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək sammitində üzv ölkələrin 50 liderinin, ATƏT tərəfdaşı olan ölkələrin 12 dövlət başçısının və 60-dan artıq beynəlxalq təşkilatın rəhbərlərinin iştirakı gözlənilir. Sammitdə müzakirə olunacaq məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi olacaq.

Salahovun sözlərinə görə, sammit iştirakçılarına müraciətdə bu azərbaycanlıların hüquqlarının bərpası tələbi veriləcək və təşkilat həmin müraciətin sammitin gedişi zamanı oxunmasını arzu edir.

Onun sözlərinə görə, müraciətin surəti Qazaxıstan Xarici İşlər Nazirliyinə təqdim ediləcək və bu idarədən cavab gözləniləcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti