...

Ermənistan şənbə günü Azərbaycanın hərbi qulluqçuları Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərini qaytara bilər (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Noyabr 2010 17:52 (UTC +04:00)
Ermənistan şənbə günü Azərbaycanın hərbi qulluqçuları Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verə bilər.
Ermənistan şənbə günü Azərbaycanın hərbi qulluqçuları Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərini qaytara bilər (ƏLAVƏ OLUNUB)

RED. əlav.: birinci abzasdan sonra ətraflı məlumat əlavə olunub

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir K.Zərbaliyeva/

Ermənistan şənbə günü Azərbaycanın hərbi qulluqçuları Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verə bilər. Bu barədə Trend-ə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib.

Gözlənilir ki, meyitlər saat 16:00-da Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində təhvil veriləcək.

Mübariz İbrahimov iyunun 18-də Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun Çaylı kəndi istiqamətində hücumunu dəf edərkən, bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına həlak olub. Azərbaycan Ordusunun həlak olan 22 yaşlı gizirinin meyitini ermənilər indiyədək Azərbaycan tərəfinə qaytarmayıblar.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

Sentyabrın 4-də Ermənistanın hərbi qulluqçuları tərəfindən Azərbaycan Ordusunun zabiti Fərid Əhmədov öldürülüb. Ermənistan tərəfi indiyə qədər zabitin meyitini Azərbaycana qaytarmaqdan imtina edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Öz növbəsində, Azərbaycan Ermənistan tərəfinə Ermənistanın 71 yaşlı vətəndaşı Qavruş Rüstəmyanın meyitini təhvil verəcək.

Oktyabrın 27-də Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşün yekunları üzrə imzalanan Birgə Bəyannamədə deyilir: "Ermənistan və Azərbaycan prezidentləri ilk addım kimi ATƏT-in Minsk qrupunun və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsini etmək barədə razılığa gəliblər".

Cümə axşamı Azərbaycan erməni tərəfinə intihar edən Manvel Sarıbekyanı təhvil verib, Ermənistan isə Azərbaycan vətəndaşı Eldar Tağıyevi əsirlikdən azad edib.

Xəbər lenti

Xəbər lenti