...

Özbəkistan Prezidenti KTMT-nin fəaliyyətinin vacib bəndini səsləndirib - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Dekabr 2010 16:25 (UTC +04:00)
Özbəkistan Prezidenti İslam Kərimov "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) öz iştirakçılarını yalnız xarici təcavüz zamanı müdafiə edə bilər" fikrini səsləndirməkdə haqlıdır.
Özbəkistan Prezidenti KTMT-nin fəaliyyətinin vacib bəndini səsləndirib - politoloq

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir V.Javoronkova/

Özbəkistan Prezidenti İslam Kərimov "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) öz iştirakçılarını yalnız xarici təcavüz zamanı müdafiə edə bilər" fikrini səsləndirməkdə haqlıdır. Azərbaycanlı politoloq, Trend-in Ekspert Şurasının üzvü Fikrət Sadıxov bu fikirdədir.

"İslam Kərimov həqiqəti səsləndirib, həqiqət isə ondan ibarətdir ki, KTMT öz iştirakçılarını xarici təhdid zamanı müdafiə edə bilər", - Trend-ə Sadıxov bildirib.

Özbəkistan KTMT ölkələrini təşkilata üzv ölkələr daxilində zorakılığın qarşısının alınması üçün kollektiv gücdən istifadə məsələsinə ehtiyatla yanaşmağa çağırır.

"Təşkilatın təyinatı ilk növbədə KTMT dövlətləri və MDB məkanındakı ölkələr arasında qarşıdurmaların həllində və müxtəlif aydınlaşdırmalarda iştirak deyil, qurumun iştirakçı ölkələrinin xarici təhlükədən qorunmasıdır", - cümə günü Özbəkistan Prezidenti İslam Kərimov Moskvada KTMT-nin sammitində bəyan edib.

Sadıxovun fikrincə, Ermənistan Prezidenti Serj Sarkisyan KTMT qarşısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası halında Ermənistanın Azərbaycandan qorunması məsələsini qoya bilməz. Belə ki, Azərbaycanın öz ərazilərini azad etməsi Dağlıq Qarabağ üçün xarici təhlükə deyil.

Sadıxovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə iki onillik ərzində "səmərəsiz danışıq"ların aparılmasından sonra Ermənistanın KTMT-yə belə xahişlə müraciət etməsi "tam nonsens və cəfəngiyatdır".

"Birincisi ona görə ki, Azərbaycanın ərazi bütövlüyü həm bütün dövlətlər, həm də beynəlxalq təşkilatlar tərəfindən tanınır. İkincisi, biz beynəlxalq hüquq prinsipləri çərçivəsində öz ərazilərimizi azad etmək hüququna tam malikik və bunu dəfələrlə bəyan etmişik", - Sadıxov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünü heç kəs şübhə altına almayıb, bundan başqa, 1992-ci ildə Azərbaycanı BMT-yə onun ayrılmaz hissəsi kimi Dağlıq Qarabağla birlikdə qəbul ediblər.

"Aydındır ki, KTMT Sarkisyanla razılaşmayıb, lakin bununla belə, Azərbaycan sakitləşməməli, aldanmamalı və KTMT-nin humanitar təşkilat olduğuna ümid etməməlidir, - Sadıxov deyib. - Hər şey ola bilər, heç də istisna edilmir ki, biz ərazimizə istənilən hərbi müdaxiləni dəf etməyə hazır olmalıyıq".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti