Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir Y.Ostapenko/
Avropa Parlamentinin Ermənistan üzrə məruzəçisi Tomaş Poreba vəziyyətlə yerindəcə tanış olmaq və hesabat hazırlamaq üçün Dağlıq Qarabağa şəxsi təşəbbüsü ilə səfər edib. Azərbaycan Xarici İşlər Nazirliyi işğal olunmuş ərazilərə səfərlərin təşkil olunmasında Azərbaycan tərəfi ilə məsləhətləşməyin vacib olduğunu təkid edir.
"Ermənistan üzrə məruzəçi olaraq başa düşürəm ki, yalnız region haqqında geniş məlumata malik olmaqla obyektiv və hərtərəfli məruzə hazırlaya bilərəm. Həm Ermənistana, həm də Dağlıq Qarabağa qeyri-rəsmi səfərimin məqsədi vəziyyəti kənardan deyil, hadisə yerində öyrənməkdən ibarət olub", - Poreba cümə axşamı Trend-ə bildirib.
Avropa Parlamentinin deputatı bu yaxınlarda Ermənistana səfəri çərçivəsində rəsmi Bakıya xəbər vermədən separatçı Dağlıq Qarabağda da olub.
"O, Dağlıq Qarabağda tanınmamış respublikanın rəhbərliyi ilə görüşlər keçirib və Qarabağ münaqişəsinin nizamlanmasına, regiondakı vəziyyətə və ikitərəfli münasibətlərə aid məsələləri müzakirə edib", - Ermənistan KİV məlumat verib.
Azərbaycan XİN işğal olunmuş ərazilərə səfərlər edən zaman Azərbaycan tərəfi ilə məsləhətləşməyin vacib olduğunu təkid edir.
"Poreba öz hesabatını qərəzsiz tərtib etmək fikrində idisə, onda Ermənistana getməzdən əvvəl Azərbaycanın rəsmi dairələri ilə də bu məsələni muzakirə edib, bizim mövqeyimizi və səfərə dair münasibətimizi öyrənə bilərdi", - Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov bildirib.
"Azərbaycanın işğal olunmuş ərazilərinə hətta müvəqqəti də olsa səfər etmək üçün Azərbaycan tərəfinin icazəsini almaq lazımdır", - o qeyd edib.
Çərşənbə axşamı Avropa Parlamenti nümayəndəsinin Dağlıq Qarabağ ərazisinə getməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobiaya və Polşa səfiri Mixal Labendaya etiraz notasını təqdim edib.
Baş vermiş hadisənin Azərbaycan tərəfinin ciddi etirazına səbəb olduğu qarşı tərəfin diqqətinə çatdırılıb və Tomaş Porebanın respublikanın işğal edilmiş ərazilərinə onun razılığı olmadan qeyri-qanuni səfər edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına girişi arzuolunmaz şəxslər siyahısına daxil edildiyi bildirilib.
Əvvəllər Aİ-nin Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, Avropa İttifaqı adından cavab bu günlərdə XİN-ə göndəriləcək.
Avropa Parlamentinin deputatı Porebanın sözlərinə görə, Ermənistana və Dağlıq Qarabağa səfəri zamanı dəfələrlə qeyd edib ki, məruzəçi kimi onun vəzifəsi münaqişəni həll etməkdən ibarət deyil. "Münaqişənin həlli barədə yalnız hesabatın 1-2-ci bəndlərində deyiləcək", - o vurğulayıb.
Porebanın sözlərinə görə, regionla daxildən tanış olmasaydı, məruzə obyektiv və tam olmazdı.
"Səfər zamanı mən onu da dəfələrlə bəyan etmişəm ki, ATƏT-in Minsk qrupunu münaqişəsinin həllinin axtarışı üzrə danışıqların yeganə platforması hesab edirəm, - Poreba bildirib. - Mən Madrid prinsiplərini tam dəstəkləyirəm və ümid edirəm ki, münaqişə bütün cəlb edilən tərəflərin effektiv əməkdaşlığı sayəsində həll ediləcək".
Deputat Poreba Trend-ə deyib ki, yaxın vaxtlarda vəziyyətlə bağlı baxışlarını öyrənmək üçün Azərbaycan rəhbərliyi ilə görüşəcəyinə ümid edir.
"Mən hansısa tərəfin maraqlarına xidmət edəcək deyil, həqiqəti əks etdirəcək maksimum obyektiv hesabat hazırlamağa çalışıram", - o bildirib.
Azərbaycan XİN Avropa Parlamentinin deputatı Tomaş Porebanı "persona non-qrata" elan edib. Poluxovun sözlərinə görə, onun "qara siyahı"ya salınması öz addımının nəticəsidir və bu, onun qərəzsiz mövqedə durmasını böyük şübhə və sual altına qoyur.
Porebanın özü isə ümid edir ki, Azərbaycan hakimiyyəti tərəfindən onun "qara siyahı"ya daxil edilməsi barədə informasiya öz təsdiqini tapmayacaq və "münaqişənin digər tərəfi ilə söhbət etmək üçün imkan ələ düşəcək".
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.