...

Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması vacibdir – XİN rəhbəri Davudoğlu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Dekabr 2010 10:57 (UTC +04:00)

Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması vacibdir. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu dünən axşam TRT kanalına müsahibəsində bildirib.

"Biz Ermənistanla münasibətlərimizin normallaşmasını istəyirik. Bunun üçün Dağlıq Qarabağ kimi dondurulmuş münaqişələrin həlli vacibdir", - Davudoğlu bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Gələn ilin aprelində ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma "erməni soyqırımı" haqqında qətnamənin müzakirəsinin mümkünlüyü məsələsini şərh edən Davudoğlu qeyd edib ki, nə məsələnin mahiyyətini, nə də tarixi bilən "Konqresdəki adamlar" Türkiyəyə təzyiq göstərməyə cəhd edirlər.

Onun sözlərinə görə, Türkiyə bu tarixi hadisələrdən ona qarşı şantaj silahı kimi istifadə olunmasını istəmir.

"Bu məsələ Türkiyə ilə ABŞ münasibətləri üzərindən "Domokl qılıncı" kimi asılmamalıdır", - Davudoğlu bildirib.

Osmanlı imperiyasında qondarma "erməni soyqırımı" haqqında qətnamə layihəsi dəfələrlə ABŞ Konqresinin Nümayəndələr Palatasında müzakirələrə çıxarılsa da, indiyədək qəbul edilməyib.

Martın 4-də ABŞ Konqresimim Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni dəstəkləyib. Sənədin lehinə 23, əleyhinə isə 22 konqresmen səs verib. Komitə tərəfindən qətnamənin təsdiqlənməsi onun Nümayəndələr Palatasının bütün tərkibi tərəfindən baxılmasına yol açır.

Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi olan Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib.

Xəbər lenti

Xəbər lenti