Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir M.Əliyev/
Almaniyada Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Fevralın 26-da Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə Almaniyanın Maqdeburq şəhərində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək.
Tədbirdə azərbaycan, türk, yəhudi və digər icmaların 50-dək nümayəndəsi iştirak edəcək.
Tədbirdə Almaniyanın Xristian Demokrat İttifaqı Partiyasının üzvü S.Springer və Global DEVELOPMENT GMBH-nin direktoru Aleksandr Mishalcukun Xocalı soyqırımı ilə bağlı çıxışları gözlənilir. Tədbir zamanı Xocalı faciəsinə həsr edilmiş sənədli film nümayiş olunacaq.
Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə daha bir tədbir 19 fevral 2011-ci il tarixidə Almaniyanın Şenebek şəhərində baş tutacaq. Şenebek şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş boks və kikboks turnirləri keçiriləcək.
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.