...

Çexiyada yüzlərlə insan Ermənistanın təcavüzkar olması ilə bağlı bəyannamə imzalayıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2011 13:16 (UTC +04:00)
Praqada Xocalı soyqırımının 19-cu ildönümü münasibətilə "Xocalıya ədalət - Xocalıya işıq" aksiyası keçirilib.
Çexiyada yüzlərlə insan Ermənistanın təcavüzkar olması ilə bağlı bəyannamə imzalayıb (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir T.Hacıyev/

Praqada Xocalı soyqırımının 19-cu ildönümü münasibətilə "Xocalıya ədalət - Xocalıya işıq" aksiyası keçirilib. Trend-in Çexiyada fəaliyyət göstərən AZƏR-ÇEX Cəmiyyətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aksiya cümə günü paytaxt Praqanın mərkəzi Namesti Miru (Sülh) meydanında cəmiyyətin təşkilatçılığı və Azərbaycanın Praqadakı səfirliyinin dəstəyi ilə keçirilib.

Müqəddəs Ludmila tarixi məbədinin qarşısında yerləşən bu ərazidə Xocalı çadırı qurulub və faciə haqqında çex dilində sənədli film 4 saat ərzində nümayiş olunub. Bundan əlavə, açıq səma altında Xocalı fotosərgisi qurulub və 500-dən çox buklet və broşürlər paylanıb. Mərkəzi meydan olduğu üçün Xocalı çadırı ilə yüzlərlə çex və xarici turist maraqlanıb və Ermənistanın təcavüzkar dövlət olduğu barədə bəyannaməni imzalayıblar. Axşam saatlarında meydanın mərkəzində 613 şam vasitəsilə XOCALI sözü yazılıb və iştirakçılar tərəfindən simvolik olaraq yandırılıb.

Tədbirin sonunda çıxış edən cəmiyyətin sədri Elşən Nəzərov iştirakçılara Dağlıq Qarabağ problemi və beynəlxalq "Xocalıya ədalət" kampaniyası haqqında məlumat verib. Səfir Tahir Tağızadə çıxışında 19 il əvvəl ermənilər tərəfindən törədilmiş Xocalı faciəsi ilə 69 il əvvəl Çexiyanın Liditse şəhərində alman faşıstləri tərəfindən törədilmiş hadisələri müqayisə edib və Azərbaycanın haqq səsinə dəstək vermək üçün Çexiya ictimaiyyətinə səslənib. Xocalının fəxri vətəndaşı, professor Vaqif Arzumanlı öz çıxışında faciənin acı həqiqətlərini iştirakçılara çatdırıb və Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. Son olaraq Praqada fəaliyyət göstərən türk məscidinin imamı Sadeddin Hoca şəhidlərimizin ruhuna dua oxuyub və bununla da aksiya uğurla başa çatıb.

Tədbirdə Azərbaycan və Çexiyanın ictimai xadimləri, qeyri-hökümət təşkilatlarının nümayəndələri, rəsmi şəxslər və çoxlu sayda KİV nümayəndələri iştirak ediblər. Azərbaycandan gələn nümayəndə heyəti olaraq tədbirdə Milli Məclisin deputatı Gülər Əhmədova, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev və Azərbaycan Ticarət Palatasının nümayəndəsi Ələsgər Həsənov iştirak edib.

Aksiya üçün istifadə olunmuş materiallar Heydər Əliyev Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi, Böyük Britaniyada fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatı, Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə hazırlanıb.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Xəbər lenti

Xəbər lenti