Fransa, Strasburq, 20 iyun /Trend, müxbir A.Məhərrəmli/
Ümid edirəm ki, AŞ PA öz Bürosunda Dağlıq Qarabağla bağlı qəbul olunmuş qərarların yerinə yetirilməsinə diqqət yetirəcək. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın yay plenar sessiyasının ilk iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin sədri Səməd Seyidov Ermənistan nümayəndə heyətinin AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt komitəsinin fəaliyyətinin bərpa edilməsindən sonra komitənin işində iştirakdan imtina etməsinə və onun fəaliyyət göstərməsinə maneçilik törətməsi məsələsinə münasibət bildirərkən deyib.
"2011-ci ilin yanvarında AŞ PA Bürosu yekdilliklə Dağlıq Qarabağ üzrə Alt komitənin fəaliyyətinin yenidən bərpa edilməsinə dair qərar verdi. Bu qərar nə bizim, nə də Avropa Şurasının hər hansı bir üzv ölkəsinin qərarı idi. Bu, qurumun Bürosunun yekdilliklə qəbul etdiyi qərar idi və onun mənşəyi 2005-ci ildə qəbul olunan 1416 saylı qətnamədə öz əksini tapırdı. Lakin 2005-ci ildən bəri AŞ PA tərəfindən qəbul olunan qərar və qətnamələr yerinə yetirilməyib. Buna səbəb Ermənistan tərəfinin AŞ PA-nın qəbul etdiyi qərarları tamamilə rədd etməsi və onlara məhəl qoymamasıdır. Biz çox arzu edərdik ki, Ermənistan nümayəndə heyəti ilə bizi maraqlandıran və aramızda olan həllini tapmayan acılı problemləri birlikdə müzakirə edək. Bunun üçün də belə bir Alt komitənin fəaliyəti olduqca vacibdir. Çox təəsüf ki, burada bəzi erməni həmkarlarım obyektivlikdən uzaq, qeyri-səmimi çıxışlar edirlər. Fikrimcə, biz öz problemlərimizi dostlarımızın qarşısında danışmaq əvəzinə, bunu birbaşa öz aramızda danışmalıyıq. Buna görə də biz bu gün buradayıq. Ümid edirəm ki, AŞ PA öz Bürosunda Dağlıq Qarabağla bağlı əksər səsçoxluğu ilə qəbul olunmuş qərarların yerinə yetirilməsinə diqqət yetirəcək. Yaxşı olardı ki, Rusiya Prezidenti Dmitri Medvedevin rəhbərliyi altında iki ölkənin prezidentlərinin Kazanda keçiriləcək növbəti görüşündən öncə biz də məsələ ilə bağlı ümumi qərarlar verə bilək", - Seyidov deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.