...

Barak Obama Azərbaycan və Ermənistan prezidentlərini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı kompromisə çağırdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyun 2011 05:31 (UTC +04:00)
ABŞ prezidenti Barak Obama cümə günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanla Kazanda Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə keçiriləcək görüşü ilə əlaqədar telefon danışığı keçirib.
Barak Obama Azərbaycan və Ermənistan prezidentlərini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı kompromisə çağırdı

Azərbaycan, Bakı, 24 iyun /Trend/

ABŞ Prezidenti Barak Obama cümə günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanla Kazanda Rusiya Prezidenti Dmitri Medvedevin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə keçiriləcək görüşlə əlaqədar telefon danışığı aparıb. Bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb.

Obama ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri - Fransa Prezidenti Nikola Sarkozi və Rusiya Prezidenti Dmitri Medvedevlə birgə bəyanatında səsləndirilmiş müddəaları təsdiqləyərək bildirib ki, tərəflərin münaqişənin sülh yolu ilə həll olunması istiqamətində qəti addımlar atılmasının vaxtı çatıb.

ABŞ prezidenti iki ölkənin liderlərinə Kazan görüşündə əsas prinsipləri tamamlamağı və təsdiq etməyi tövsiyə edib.

"Əsas prinsiplərin razılaşdırılmasından sonra tərəflər Helsinki prinsipləri - güc tətbiq olunmaması, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara başlaya bilərlər", - məlumatda deyilir.

Obamanın sözlərinə görə, münaqişənin həllinin, Azərbaycan və Ermənistan xalqlarına parlaq gələcəyin təklif olunmasının vaxtı çatıb. Amerika Birləşmiş Ştatları həm iki ölkənin prezidentlərini, həm də Minsk qrupunun həmsədrlərini və onların regionda təhlükəsizlik və inkişaf naminə cəhdlərini bundan sonra da dəstəkləyəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti